• 26 Aprel 2024
logo
İkiqat zəfər: Prezidentimiz siyasi arenada, Ordumuz isə döyüş meydanında işğalçını məğlub edir

İkiqat zəfər: Prezidentimiz siyasi arenada, Ordumuz isə döyüş meydanında işğalçını məğlub edir

Prezidentimiz siyasi arenada, Ordumuz isə döyüş meydanında işğalçını məğlub edir. Azərbaycan Prezidentinin Rusiyanın “Rossiya 1” telekanalına müsahibəsini izlədikdən, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın rabitəsiz cavab nitqini dinlədikdən sonra buna bir daha əmin oldum.

Əslində, Prezident İlham Əliyevin əks-hücumu Azərbaycan Ordusundan xeyli öncə, Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasından başlamış, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında tamailə fərqli bir rakursdan – Ermənistanın faşizm ideyasına sədaqətini sübuta yetirməklə davam etdirilmiş, Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında isə Soros uşağı Nikol Paşinyanın qondarma demokrat obrazının darmadağın edilməsi ilə başa çatdırılmış, bütün dünyaya iki dövlət və iki lider arasındakı fərqin müqayisəyəgəlməz olduğunu nümayiş etdirmişdi.

Paşinyanın Münhen konfransındakı darmadağından sonra atdığı bütün təxribat xarakterli addımlar, qənaətimə görə, onun Soros texnoloqları tərəfindən formalaşdırılan obrazına dəyən ölümcül siyasi zərbələrin təsirindən səndirləmələrdən başqa bir şey deyildi. Çünki ağlı başında olan bir hökumət rəhbəri Azərbaycan dövlətinin və xalqının səbrini tarıma çəkmək kimi davranışlara yol verməz, ən azı manevr üçün müəyyən imkanların – dialoq pəncərəsinin saxlanılmasına çalışardı. Amma Nikol bunu bacarmadı... Ermənistanın daxilindəki siyasi böhrandan diqqəti yayındırmaq, hakimiyyətinin ömrünü uzatmaq üçün Azərbaycana qarşı məqsədyonlü, təhrikçi təxribatlarını fasiləsiz olaraq davam etdirdi, mənsub olduğu xalqın dinc və sabit şəraitdə yaşamaq perspektivini korporativ maraqlarına qurban verdi. Nəticə isə göz qabağındadır. Azərbaycan Ordusu Ali Baş Komandanın əks-hücum əmri ilə Ermənistanın illərdən bəri əsgər və istehkam müstəvisində formalaşdlrdığı məğlubedilməzlik və keçilməzlik mifini Prezident İlham Əliyevin sitasi arenada nümayiş etdirdiyi nümunəyə uyğun olaraq darmadağın etməkdədir.

Azərbaycan Prezidentinin Rusiyanın “Rossiya l” telekanalına müsahibəsi isə Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətlərin faktlara söykənın dəmir məntiqlə bir daha bütün dünyaya çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. “Bütün dünyaya çatdırılması” sözlərini təsadüfən işlətmədim. Müsahibənin yayımlanmasından dərhal sonra dünyanın ən aparıcı kütləvi informasiya vasitələrinin Prezidentin sözügedən müsahibəsində yer alan fikirlərə istinad etmələri, oxuculara, izləyicilərə müsahibədən müxtəlif iqtibaslar, çıxarışlar təqdim etmələri də bunu sübuta yetirir.

Azərbaycan Prezidenti müsahibəsində Ermənistanın dinc əhaiyə qarşı müharibə apardığını, Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu, işğalçı ölkənin müharibə cinayətlərinə əl atdığını, beynəlxalq konvensiyaların tələblərini kobus şəkildə pozduğunu faktlarla isbatladı.

Sitat: “Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik. Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır”.

Yuxarıda təqdim etdiyim iqtibasda, Prezident İlham Əliyev tərəıfindən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatları və fəaliyyəti ilə əlaqədar olduqca dəqiq diplomatik dillə ifadə olunmuş yanaşmanı sezməmək mümkün deyil. Xüsusilə də “status-kvonun qəbuledilməzliyi” ilə bağlı... Yəni əgər status-kvo qəbuledilməzdirsə, o zaman işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Status-kvonun qəbuledilməzliyi danışıqlardan müxtəlif bəhanələrlə qaçmağa çalışan Ermənistanı dilə tutub masaya qaytarmaq üçün edilən cəhdlər deyil, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün təcavüzkarın sülhə məcbur edilməsidir. Bunun başqa izahı, yozumu yoxdur. Bu o deməkdir ki, status-kvo dəyişməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, işğala son qoyulmalıdır. Prezidentin bu fikirləri “status-kvonun qəbuledilməzliyi” kimi ifadələlərin üzərindən manipulyasiya etmək üçün yer qoymur, bu ifadınin mahiyyəti üzrə qəbul edilməsinin vaciblıiyini önə çəkir.

Azərbaycan Prezidentinin müsahibəsində diqqət çəkən çox önəmli məqamlardan biri Türkiyə ilə bağlı ona ünvanlanan sualların qarşılığında verdiyi tutarlı və qətiyyətli cavablar idi. Dövlətimizin başçısı Rusiyanın aparıcı mediasında Türkiyənin maraqlarını qorudu, qardaş ölkəni müdafiə etdi və bildirdi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ dəstəkləyir, ölkəmizə yalnız mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Bu məqam 2014-cü ildə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə "Türkiyə yoxdur, mən burdayam" deyən İlham Əliyevin Azərbaycanın dostlarına, müttəfiqlərinə münasibətdə qarşılıqlı etimad, etibar və sədaqət prinsiplərini hər şeydən üstün tutduğunu, siyasi lider kimi qətiyyətini, xarakterini bir daha nümayiş etdirdi. Hesab edirəm ki, Azərbaycan Prezidentinin Türkiyə ilə bağlı söylədiklərini onun özündən daha dəqiq və ətraflı ifadə etmək mümkün deyil. Bu baxımdan, dövlət başçımızın müsahibəsində yer alan Türkiyə ilə bağlı məqamları olduğu kimi oxuculara təqdim etməyi vacib sayıram:

... Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

Zənnimcə, Prezident İlham Əliyevin “Türkiyənin rolunun regionda sabitləşdirici xarakter daşıdığı” ilə bağlı fikirləri Ermənistanın və informasiya məkanında işğalçı ölkənin böhtan xarakterli iddialarını alt-üst etmək, regiondakı geosiyasi mənzərənin dəqiq konturlarını müəyyənləşdirmək üçün kifayət edir. Bu isə o deməkdir ki, Türkiyənin regional proseslərdəki iştirakı sülhün, təhlükəsizliyin təmin olunması, beynəlxalq hüququn qorunması, ədalət prinsiplərinin bərqərar olması baxımından, təkcə Azərbaycan üçün deyil, bölgənin bütün sülhsevər dövlətləri üçün müstəsna əhəmiyyətə malikdir.

Nikol Paşinyanın Azərbaycan Prezidentinin dilə gətirdiyi tutarlı arqumentlərə, təqdim etdiyi təkzibolunmaz faktlara verdiyi rabitəsiz və ən yaxşı halda ikrah hissi doğuran cavablarına isə xüsusi diqqət çəkmək istəmirəm. Paşinyanın bir neçə cümləsini iqtibas gətirmək yetərlidir ki, onun nə qədər aciz, miskin bir duruma düşdüyünü müəyyənləşdirmək mümkün olsun.

Bu “baş nazir” olduğu deyilən adamın Azərbaycanda guya Suriyadan gətirilən muzdluluların olduğunu sübut etmək üçün təqdim etdiyi “fakt”a diqqət yetirin. Görün Nikol nə deyir:

“Yeri gəlmişkən, belə bir məlumat da var ki, Azərbaycanın yaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında artıq bəzi toqquşmalar baş verib. Ona görə ki, bu muzdlular həmin kəndlərdə şəriət qanunları tətbiq etməyə çalışır, mağazalara girərək tələb edirlər ki, bu mağazalar alkoqollu məhsullar satışını dayandırsınlar və s. və ilaxır”.

Əqli problemləri olan insanın belə inanmayacağı belə bir cəfəngiyyatın “fakt”, yaxud “arqument” kimi dilə gətirilməsi Paşinyanın nə qədər aciz duruma düşdüyünü və ya ağılsızlığın ən son həddinə çatdığını göstərir. Zənnimcə, bu acizliyin ağılsızlıq həddidir və Ermənistanın siyasi hakimiyyətinin düşdüyü durumun bütün çalarlarını olduğu kimi ortaya qoyur.

Elçin Mirzəbəyli,
Əməkdar jurnalist, siyasi ekspert