• 29 Mart 2024
logo
Bütün dünya türkləri Azərbaycanı dəstəkləyir - Partiya sədri

Bütün dünya türkləri Azərbaycanı dəstəkləyir - Partiya sədri

Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları təkcə Azərbaycanda deyil, bütün türk ölkələrində, eləcə də digər dünya ölkələrində yaşayan türklər tərəfindən həssaslıqla izlənilir. Son günlər bizə çoxlu zənglər edilir və gedişat haqda məlumatlar istəlinir. İraq Türkmən Xalq Partiyasının sədri, İraq hökumətinin parlamentdəki rəsmi nümayəndəsi Turxan Müftioğlu mənə zəng edərək baş verənlərlə maraqlandı və Azərbaycanla həmrəy olduğunu elan etdi. İraq türkmanlarının ürəyinin Azərbaycanla, əsgərlərimizlə birgə döyündüyünü və istənilən əmrə hazır olduqlarını bildirdi. Azərbaycan xalqına da salamlarını çatdırmağı xahiş etdi. Mən də baş verənlər, şanlı ordumuzun addımları haqda məlumat verdim.

Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.

Partiya sədri bildirib ki, Rumıniyadan Sabit Danış da onunla əlaqə saxlayaraq vəziyyətlə maraqlanıb:

“Sabit bəy bir müddət əvvəl Rumıniyada aparıcı siyasi partiyalardan birinin sədr müavini idi. Bu ölkədə böyük nüfuz sahibidir. Türk diasporu ilə birlikdə tədbirlər keçirirlər. Məndən də Azərbaycanda baş verən hadisələr haqqında məlumat istədi. Açıq elan etdi ki, ürəkləri Azərbaycan türkləri ilə birlikdə vurur. Eyni zamanda qeyd etdi ki, baş verənlərlə bağlı Rumıniya mediasında çıxışlar etməyə başlayacaq, mümkün qədər Rumıniya parlamentində məsələni qaldırmağa çalışacaqlar”.

Bədrəddin Quliyev əlavə edib ki, Makedoniyada Türk Hərəkat Partiyasının sədri Enis İbrahim və bu ölkədə nazir müavini postunu tutan İlhan Rəhman da onunla əlaqə saxlayıb:

“Onlar da ümumi tədbirlər keçirir, Azərbaycanla bir olduğunu qeyd edirlər və Azərbaycanın haqq səsini dünyada müdafiə edirlər. Çalışacaqlar ki, Şimali Makedoniya hökuməti və parlamentində bu məsələni qaldırsınlar, ən azı məsələni gündəmə gətirib erməni yalan maşınını tərksilah edəcəklər.

Türkiyənin Millətçi Hərəkat Partiyasının sədr müavini Dəniz bəy də bizimlə əlaqə saxlayaraq Azərbaycan türkünün yanında olduğunu ifadə edib. Eləcə də Türkiyə Həmkarlar İttifaqının binası üzərində Azərbaycan bayrağı sancılıb. Həmkarlar Təşkilatının sədr müavini Əhməd Dəmirçi də xalqımıza dəstəyini ifadə edib.

Eyni zamanda Rusiya və Gürcüstandakı diaspor təşkilatları əlaqə quraraq Azərbaycanın yanında olduqlarını bildiriblər.

Biz partiya olaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırıq”.