• 28 Oktyabr 2020
logo
Azərbaycan Prezidenti Rusiya ictimaiyyətini aldatmaq istəyən erməni yalan maşınını sıradan çıxardı

Azərbaycan Prezidenti Rusiya ictimaiyyətini aldatmaq istəyən erməni yalan maşınını sıradan çıxardı

Azərbaycanın Ermənistanın işğal etdiyi ərazilərini azad etmək məqsədi ilə keçirdiyi hərbi əməliyyatlar Rusiya ictimaiyyətinin əsas gündəm mövzusudur. Bu gün Rusiya federal telekanallarında yayımlanan siyasi tok-şouların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Erməni lobbisinin güclü təsirində olan Rusiya mediasının hərbi əməliyyatlar başlayan gündən Ermənistan tərəfinin yaydığı “feyk” məlumatları tirajlaması Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya 1” telekanalına müsahibəsi ilə sona çatmış oldu. Ölkənin ən reytinqli tok-şousu hesab olunan, “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan Prezidenti İlham Əliyevin 12 dəqiqəlik çıxışı, daha doğrusu veriliş aparıcılarının suallarını cavablandırması Ermənistanın, o cümlədən Rusiyadakı erməni lobbisinin Rusiya və dünya ictimaiyyətini aldatmaq cəhdlərinin üstündən birdəfəlik xətt çəkdi.

Ermənistanın hərbi əməliyyatlar başlayan gündən rusiyalı jurnalistlərin, siyasi və hərbi ekspertlərin dili ilə “Qarabağda Azərbaycan tərəfindən Suriyadan olan muzdlu terrorçular döyüşür”, “Türkiyə ordusu Azərbaycana dəstək verir”, “Türkiyənin təhriki ilə Azərbaycan müharibəyə başlayıb”, “Rusiya bu münaqişəyə mütləq müdaxilə etməlidir” tezisləri Azərbaycan Prezidentinin ətraflı və faktlara söykənən arqumentləri ilə alt-üst oldu.

“60 dəqiqə” proqramının aparıcılarının Prezident İlham Əliyevə ünvanladığı suallara diqqət yetirsək, həmin sualların yuxarıda sadaladığım tezislərdən formalaşdığını aydın görmək olar.

Azərbaycan Prezidenti ardıcıl olaraq “Türkiyənin hərbi əməliyyatlarda rolu”, “Türkiyənin F-16 qırıcısının Ermənistana məxsus hərbi təyyarəni “vurması”, “Suriyadan gətirilən muzdlular Azərbaycan tərəfindən döyüşür” kimi suallara ətraflı aydınlıq gətirdi. Bütün bunların Ermənistan tərəfinin yaydığı “feyk” xəbərlər olduğunu bildirdi.

Prezident İlham Əliyev Ermənistan tərəfinin bu cür yalan xəbərlər yaymaqla məqsədinin aydın olduğunu vurğuladı: “Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.

Aparıcının “indi cəbhədə Suriyadan olan muzdlular varmı” sualına İlham Əliyevin “Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac da yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur” cavabı bunu tezis kimi istifadə edən bütün ermənipərəst Rusiya mediasında “şillə” effekti yaratmış oldu.

Prezidentin “Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” açıqlaması isə bütün Ermənistana və dünya erməni lobbisinə ünvanlanmış bəyanat idi.

Azərbaycan Prezidentinin müsahibədə səsləndirdiyi fikirlər, əsaslı faktlara söykənən arqumentləri Rusiyanın siyasi ekspert cameəsini də qane etmişdi. Xüsusi ilə də bunu Azərbaycan Prezidentindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamaları, heç bir fakta söykənməyən bəyanatları fonunda görmək mümkün idi. Paşinyanın çıxışında işlətdiyi hər sözü yalan idi. “Türkiyə qırıcıları hərbi əməliyyatlarda iştirak edir” - yalan, “Ermənistanın ərazisi bombalanır” - yalan, “Suriyadan döyüşçülər hərbi əməliyyatlarda iştirak edir, artıq Azərbaycan əhalisi ilə onlar arasında mübahisələr yaranıb” - gülməli yalan. Ermənistan baş nazirinin çıxışı həm də təkcə yalan üzərində qurulmamışdı, bu çıxışda Moskvaya “münaqişəyə müdaxilə et” yalvarışı da açıq-aydın sezilirdi. Əgər Paşinyanın çıxışı zamanı proqramın aparıcılarının və studiyadakı siyasi və hərbi ekspertlərin mimikalarına fikir versək, onda Ermənistan baş nazirinin ya özünü, ya da Rusiya ictimaiyyətini axmaq yerinə qoymaq istədiyinə reaksiyanı görmək olar.

Rusiyalı ekspertlərin “60 dəqiqə” proqramından sonra Azərbaycan və Ermənistan liderlərinin çıxışları ilə bağlı fikirlərinə diqqət yetirək. Həmin tok-şouda iştirak edən, tanınmış hərbi-siyasi ekspert İqor Korotçenkonun yüz minlərlə izləyicisi olduğu “Twitter” səhifəsində etdiyi paylaşım Prezident İlham Əliyevin 12 dəqiqəlik çıxışının hansı effekti yaratdığını bir daha nümayiş etdirir. İ. Korotçenko İlham Əliyevin çıxışı ilə Paşinyanı darmadağın etdiyini bəyan edərək, “bax, budur MQİMO məktəbi” yazıb.

Kəskin ermənipərəst mövqeyi ilə seçilən rusiyalı teleaparıcı Vladimir Solovyovun da dünən gecə efirə gedən “Vladimir Solovyovla axşam” tok-şousunda Azərbaycan Prezidentinin çıxışı barədə “Möhtəşəm diplomat. Böyük məktəb. Ciddi və ölçülüb-biçilmiş cavablar” şərhi diqqətdən kənarda qalmamalıdır.

Bir sözlə, Azərbaycan Prezidenti dünən Rusiya televiziyasında 12 dəqiqəlik çıxışı ilə Ermənistanın Rusiya və dünya ictimaiyyətini aldatmaq məqsədi ilə yaydığı təxribatçı və yalan məlumatlara tutarlı cavab vermiş oldu. Bu, həm də Azərbaycan Ordusunun Dağlıq Qarabağ cəbhəsində apardığı haqq-ədalət mübarizəsinin tərkib hissəsi sayılmalıdır.