• 27 Oktyabr 2020
logo
Səməd Seyidov: “Prezident İlham Əliyev Paşinyanın səviyyəsizliyini göstərərək, yalanlarını ifşa edərək ona qalib gəldi”

Səməd Seyidov: “Prezident İlham Əliyev Paşinyanın səviyyəsizliyini göstərərək, yalanlarını ifşa edərək ona qalib gəldi”

“Rossiya-1” telekanalında yayımlanan və Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan “60 dəqiqə” proqramında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Azərbaycana qarşı informasiya blokadasının yarılması və yalan informasiyaların gündəmdən silinməsi istiqamətində mühüm, tarixi bir addım kimi qiymətləndirilməlidir”.

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, ola bilər ki, hansısa siyasi icmalçılar, ekspertlər bu barədə danışsınlar: “Ancaq Prezident İlham Əliyev - ölkənin birinci şəxsi tərəfindən “Rossiya-1” telekanalında faktiki bütün dünyaya açıq formada, heç nədən çəkinmədən həqiqətlər çatdırıldı. Ermənilər Rusiya KİV-lərində yenə Azərbaycana yalan, böhtan yaymağa davam etsələr də, bu yalan və böhtanlarını Prezident İlham Əliyevin çıxışından əvvəlki dövrdə olduğu kimi geniş yaya bilmirlər. Çünki hamı üçün aydın oldu ki, sözün həqiqi mənasında təxribatları kim, nəyə görə törədib və bu vəziyyətdən çıxış yolu necə olmalıdır”.

Komitə sədri qeyd edib ki, dövlət başçısı çıxışında Ermənistan tərəfindən münaqişənin nə üçün və hansı üsullardan istifadə edilərək törədildiyini açıq şəkildə dünyaya bəyan edib: “Prezidentin çıxışının təsirini biz artıq görməkdəyik. İkincisi, biz artıq Prezident İlham Əliyevin həm qonşu ölkələrlə apardığı siyasətin, xüsusən Rusiya ilə qurulan münasibətlərin nə dərəcədə əhəmiyyətli olduğunu əyani şəkildə görürük. Biz görürük ki, Paşinyanın aciz, yalançı və erməni xalqının faktiki iflasına gətirib çıxaracaq siyasəti ifşa olundu. Hər bir böyük və kiçik ölkə ilə münasibətdə milli maraqları önə çəkən, Azərbaycan xalqının yüksək səviyyədə müdafiə etmək qabiliyyətinə malik olan dövlət başçısı elə bir siyasət aparıb ki, Azərbaycan bu gün torpaqlarını işğalçılardan təmizləyərkən həmin siyasət bizim xeyrimizə işləyir. Üçüncüsü, beynəlxalq ictimaiyyət artıq münaqişə ilə bağlı Azərbaycana müraciət edərək müzakirə aparan zaman Azərbaycana qarşı çıxa bilməz, maksimum neytral qala bilər. Ya Azərbaycanı dəstəkləməli, ya da neytral qalmalıdırlar. Çünki Azərbaycan beynəlxalq hüquqa, beynəlxalq təşkilatların prinsiplərinə uyğun olaraq öz ərazisində fəaliyyət həyata keçirir. Əməliyyatlar Ermənistan ərazisində deyil, dünya tərəfindən tanınmış əzəli Azərbaycan ərazisində həyata keçirilir”.

S. Seyidov nəzərə çatdırıb ki, bu gün beynəlxalq ictimaiyyəti çaşqın duruma salmağa çalışan Ermənistan öz məkrli niyyətlərinə çata bilmir: “Çünki bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı xarici siyasət bu kimi halların qarşısını alır. “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Azərbaycan xalqına, əsgərinə böyük ruh yüksəkliyi verdi. Xalqımız arxa cəbhədə, əsgərlərimiz isə ön cəbhədə Prezidentimizin varlığı ilə fəxr etdi. Ali Baş Komandan əslində “Rossiya-1” telekanalında döyüşdə Nikol Paşinyana yenə qalib gəldi, siyasi arenada işğalçını məğlub etdi. Həm də bütün dünyaya Paşinyanın səviyyəsizliyini göstərərək, yalanlarını ifşa edərək qalib gəldi. Ali Baş Komandan yalnız siyasətçi, yalnız komandan kimi deyil, sıravi əsgər kimi döyüşə qatıldı və bu döyüşdən qalib çıxdı. Bu əhval-ruhiyyə hər bir azərbaycanlıda mövcuddur”.