• 28 Mart 2024
logo
“Qarabağdakı  qondarma rejimə son qoymalıyıq”

“Qarabağdakı qondarma rejimə son qoymalıyıq”

Qüdrət Həsənquliyev: “Ordumuzun onların öhdəsindən gələcəyinə inanıram”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

-Qüdrət bəy, erməni işğalçılarını torpaqlarımızdan qovmağa başladığımız bir zamanda Almaniya kansleri Merkelin, Fransa Prezidenti Makronun Azərbaycan Respublikasının Prezidentinə, digər Qərb ölkələri rəsmilərinin Ceyhun Bayramova zəng etməsinin səbəbləri barədə mülahizələrinizi oxucularımızla bölüşmənizi istərdik.

-Onlar daha çox ondan narahatdırlar ki, Azərbaycan Ordusu Dağlıq Qarabağ üzərində ölkəmizin suveren hüquqlarını bərpa edəcək. Onlar münaqişəni uzun illər dondurmağa çalışmaqla ermənilərə işğal olunmuş ərazilərimizi məskunlaşdırmaq üçün imkan yaratmaq və bizi işğalla barışdırmaq istəyirdilər. Ona görə də işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunmasına dair BMT TŞ-nin qətnamələrinin icrası üçün 28 il ərzində işğalçı Ermənistana heç bir təzyiq göstərməyiblər. Həmin liderlərdən soruşmaq lazımdır ki, Azərbaycan torpaqları işğal olunarkən Ermənistan rəhbərliyinə niyə zəng edib onu durdurmurdular? Əgər onları insan ölümü narahat edirsə erməni işğalı zamanı ölən əsgərlər insan deyildimi?

- Rusiya prezidentinin baş verənləri qonşu ölkənin daxili işi hesab etməsi Sizin üçün sürpiriz olmadı ki?

-Qətiyyən yox, çünki həmişə bu fikirdə olmuşam ki, Rusiya ilə danışmaq olar. Putin kifayət qədər ağıllı adamdır. Əvvəla, o görür ki, Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırır, hətta Rusiyanın və özünün dostu hesab etdiyi Köçəryanı həbsə atır, Rusiya meyilli siyasətçiləri ya hakimiyyətdən uzaqlaşdırır, ya da cinayət məsuliyyətinə cəlb edir. Putin onu da yaxşı başa düşür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayan kimi Paşinyan pişiyə dönüb ona yalvarmağa başlayacaq. Həm də təkcə Paşinyan yox, Paşinyanı qorumaq istəyən, amma Rusiyaya sanksiyalar tətbiq etməyə hazırlaşan Qərb liderləri həmçinin. Bununla yanaşı, Paşinyan və onun komandasının üzvüləri hakimiyyətdə olduqları iki il ərzində verdikləri axmaq açıqlamalarla və Azərbaycanın bundan məharətlə istifadə etməsi nəticəsində özlərinin müdafiəsini xeyli çətinləşdirmişlər. Ona görə belə bir axmağın müdafiəsi Putinin də marağında deyil.

-Qüdrət bəy, 2016-cı ilin aprelində olduğu kimi xarici dövlətlərin təzyiqi ilə bizi yenidən torpaqlarımızı işğaldan tam azad etmədən atəşkəsə məcbur edə bilərlərmi?

-Bu ehtimal çox azdır. Prezidentin açıqlamaları, qardaş Türkiyə Respublikası Prezidentinin mövqeyi ermənilər geri çəkilməyəcəyi halda bunu mümkünsüz edir. Belə bir tarixi şansı qaçırmayacağımız çox inanıram. Ermənistan xarici ölkələrdən çoxlu muzdlu döyüşçü cəlb edib. O cümlədən, PKK və YPG -nin 300-ə qədər silahlısının da artıq bizə qarşı Qarabağda döyüşdüyünə dair ciddi məlumatlar var. Bəzi qonşu dövlətlər də altdan-altdan onlara kömək edirlər. Bütün bunlara baxmayaraq ordumuzun onların öhdəsindən gələcəyinə inanıram. İkinci dünya müharibəsi zamanı Azərbaycanın 3 milyon 380 min əhalisi var idi. Müharibə başa çatanda,1945-ci ildə bizim 2.6 milyon əhalimiz qalmışdı. Döyüşdə ölənlərin sayı 300 min nəfərdən çox idi. 640 min insan səfərbərliyə alınmışdı ki, bunun 10 min nəfəri qadın idi. Əhalinin say nisbətinə görə biz Belarusdan sonra ən çox itki verən ölkə idik. Ona görə biz torpaqlarımızı azad etmək istəyiriksə itkilərdən və dağıntılardan qorxmamalıyıq. Ermənistana xarici dəstəyin artacağı halda, başqa işğala məruz qalan ölkələr kimi, heç bir tərəddüd etmədən qardaş Türkiyəyə hərbi kömək üçün müraciət etməliyik. Artıq hörmətli Ərdoğan qardaş Türkiyənin buna hazır olduğunu dəfələrlə heç kimdən çəkinməyərək bəyan edib.1995-ci ilin avqustunda Xorvatiya Almaniyanın açıq-gizli dəstəyi ilə öz ərazisində yaradılmış qondarma “Serb Krayina Respublikası”na ildırım sürətli “Tufan əməliyyatı” ilə 4 gündə son qoyduğu kimi biz də Qarabağdakı qondarma rejimə bu dəfə son qoymalıyıq.