• 1 Noyabr 2020
logo
Nikol Paşinyanın müharibəyə gətirib çıxaran əməlləri

Nikol Paşinyanın müharibəyə gətirib çıxaran əməlləri

1994-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra tərəflər arasında atəşkəs rejiminin imzalanması münaqişəyə dair gələcəkdə razılaşmanın əldə edilməsi məqsədi daşısa da, bu illər ərzində Ermənistan rəhbərliyi beynəlxalq hüququ pozmaqda davam etmiş və razılaşmanın əldə edilməsinə həmişə mane olmuşdur.

2016-cı ilin aprelində baş vermiş “4 günlük müharibə” mövcud status-kvonun nə qədər təhlükəli olduğunu nümayiş etdirsə də, Ermənistan rəhbərliyinin son illər daha da aqressivləşən davranışları danışıqların dayandırılması ilə nəticələndi. Etiraf etmək lazımdır ki, 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilab” nəticəsində “Qarabağ klanı”nı təmsil edən Serj Sarkisyan hökumətinin devrilməsindən sonra yeni baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə İrəvanda yeni hökumətin əvvəlki işğalçı siyasətinə son qoyaraq sülhü seçəcəyinə dair ümidlər var idi. Lakin özünü “liberal” və “humanist” adlandıran Nikol Paşinyan münaqişə ilə bağlı müxalifətdə olduğu dövrdəki siyasi baxışlarından 180 dərəcə dönərək tamamilə radikal mövqe tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk rəsmi görüşü mart ayının 29-u 2019-cu ildə Vyanada baş tutub.

Prezident İlham Əliyev həmin vaxt Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində “Biz insanlararası təmaslar zamanı etimad tədbirlərinin möhkəmləndirilməsinə dair məsələləri müzakirə etdik. Əsas odur ki, danışıqların formatı dəyişilməz qalır. Danışıqlar uzun illər olduğu kimi, Ermənistanla Azərbaycan arasında aparılır”, - deyə bildirmişdi. Təəssüf ki, bütün yuxarıda qeyd olunan danışıqlara və müsbət fikirlərə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə ilə bağlı işğalçılıq siyasətini davam etdirməyə üstünlük verdi. Daha sonra o, hətta "sülh üçün torpaq" müzakirəsinə razılaşmayacağını vurğuladı.

Həmin vaxt - danışıqlar baş tutandan cəmi 2 ay sonra Nikol Paşinyanın Azərbaycan və Ermənistan arasında dialoqa ağır zərbə vurmaq üçün bilərəkdən Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün qədim Azərbaycan şəhərinə səfər etməsi və yallı getməsi beynəlxalq ictimaiyyətə qarşı açıq-aşkar hörmətsizlik olmaqla yanaşı, azərbaycanlıların hissiyatı ilə oynamaq demək idi. Bundan sonra onun işğal altındakı torpaqlara mütəmadi səfərləri, Qarabağ Ermənistandır və nöqtə və “Qarabağ xalqı” özü danışıqlarda tərəf olmalıdır kimi bir-birini təkzib edən bəyanatları Nikolun bölgəni müharibəyə sürükləməsinin ilkin siqnalları idi.

Paşinyanın 2019-cu ilin avqustunda səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını onun bölgəni müharibəyə sürükləyəcəyinin ən bariz nümunəsi hesab etmək olar. Məsələ ondadır ki, Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın işğal altındakı ərazilərinə İrəvanın nəzarət etdiyi haqda fikirləri inkar edirdi. Paşinyan sözügedən bəyanatı ilə əslində, keçmiş rəhbərliyin ənənəvi siyasətindən imtina etdi. Həmin vaxt onun bu bəyanatı Ermənistanla Azərbaycan arasında danışıqların əlaqələndirilməsi mandatına malik olan əsas beynəlxalq missiya - ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də kəskin tənqid olunmuşdu.

Həmin vaxt Nikol Paşinyan təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı sərsəm bəyanatlar səsləndirirdi. Onun Sevr müqaviləsinin ildönümündə Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsi hətta müttəfiqləri tərəfindən də birmənalı qarşılanmamışdı. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş məsləhətçisi Jirair Libardyan Paşinyan hökumətini “xəyallara qapılmamağa” çağırmışdı: “Mən bilmirəm, bizim başçılarımız bunu bilərəkdən edir, ya yox, ancaq Ermənistan prezidenti və baş nazirinin bəyanatları Türkiyəyə qarşı ən azı diplomatik savaş elan etməyə bərabərdir”.

Bu ilin əvvəllərindən başlayaraq isə Ermənistan hakimiyyəti Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını daha da aktivləşdirərək bölgədə müharibənin başlanması üçün mütəmadi olaraq Azərbaycan hərbçilərini sınağa çəkdi. Dağlıq Qarabağdan uzaq Tovuz-Qazax istiqamətindəki təxribatlar buna misaldır. “Yeni müharibə - yeni ərazilər” konsepsiyası adı altında xarici siyasət davranışını formalaşdıran Müdafiə naziri David Tonoyan və baş nazir Nikol Paşinyan cütlüyü danışıqlarda əldə olunmuş razılıqlar əsasında dialoqu davam etdirmək əvəzinə, Azərbaycanın digər ərazilərinə də iddialarını açıq-aşkar bəyan etməkdən belə çəkinmirdilər.

Ermənistanın müharibə istəməsini sübut edən digər faktor isə bölgəyə terrorçuların cəlb olunmasıdır. Ermənistan bütün beynəlxalq qanunları pozaraq işğal altındakı torpaqları son aylardır, 1990-cı illərin əvvəllərində olduğu kimi, terrorçuların məskəninə çevirməkdədir.

Son vaxtlar ASALA və PKK terrorçularının müxtəlif yollarla Ermənistana gətirilməsi ilə bağlı faktlara əsaslanan məlumatlar yayılmaqdadır. Türkiyənin PKK terror təşkilatına qarşı uğurlu əməliyyatları fonunda ermənilərin nəzarət altındakı torpaqlara terrorçuları toplamaları artıq təkzibolunmaz məlumatlardır.

Xatırlatmaq yerinə düşər ki, Suriya, İraq və Livan kimi ölkələrdə erməni və kürd təşkilatları arasında aktiv işbirliyi müşahidə olunmaqdadır. Son iki ildə Paşinyanın hakimiyyətə gəlməsindən sonra, ümumdünya erməni diasporu və Ermənistan hakimiyyətinin birgə hazırladıqları plan əsasında işğal altındakı rayonlara Yaxın Şərqdən müxtəlif terror qruplarının cəlb olunması intensiv xarakter alıb.

Ermənistanın İraqdakı səfiri Hraçya Poladyanın vasitəçiliyi ilə Tovuz hadisələrindən sonra Qarabağda PKK terror təşkilatının yaraqlılarının yerləşdirilməsi də Paşinyanın bu müharibənin əsas baiskarı olduğunun sübutudur.

Bunu son 3 gündə Azərbaycan ordusu tərəfindən işğal altındakı torpaqlarda məhv edilənlər arasında terrorçuların da meyitlərinin olması sübut edir.

Bu gündən başlayaraq isə Ermənistanın Vardenis rayonu istiqamətindən Azərbaycanın Daşkəsən rayonunu intensiv atəşə tutulması İrəvanın Rusiya başda olmaqla, KTMT-ni aktiv şəkildə müharibəyə cəlb etmə cəhdi kimi qəbul edilməlidir. Son üç gündə guya Türkiyənin də Azərbaycanda birlikdə Qarabağda müharibə aparması kimi yalan xəbəri bütün dünyaya yayan ermənilər, qapı-qapı düşərək dünyadan imdad diləməkdədirlər.

Lakin artıq gecdir. Sülh dilini başa düşməyən Ermənistan silah dilində başa salınacaq.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı

Politoloqlar Klubunun sədri