"Biz - Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı haqq işini dəstəkləyir, bütün gücümüzlə, canımız-qanımızla onun və şanlı Azərbaycan Ordusunun yanında olduğumuzu bəyan edirik".
Bunu Avrasiya.net-ə Gürcüstan parlamentinin azərbaycanlı deputatı, tanınmış ictimai, siyasi xadim Azər Süleymanov son günlər cəbhə xəttində baş verən hadisələrə və Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsinə münasibətində bildirib.
A.Süleymanov bildirib ki, 30 ilə yaxın bir zamanda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına göz yuman və hətta bəzi dövlətlərin Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi rəsmi Bakının səbrini daşdlrıb: "Azərbaycan beynəlxalq qanunlara hörmətlə yanaşan, Cenevrə Konvensiyasının tələblərinə riayət edən, demokratik və humanist bir ölkədir. Lakin rəsmi Bakı heç vaxt bir qarış torpağının belə düşmən tapdağında qalmasına razı ola bilməz. Bunu Ali Baş Komandan, cənab İlham Əliyev dəfələrlə yüksək tribunalardan bəyan edib. Lakin Ermənistan öz işğalçılıq əməllərindən əl çəkmədi, təxribatlarını davam etdirdi. Hətta mülki əhalini hədəfə görürdü. Azərbaycan bu zamana kimi humanizmlik nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həll olunması tərəfdarı kimi çıxış edib. İşğalçı bunu dərk və qəbul etmək istəmədi. Artıq zaman yetişdi, şanlı Azərbaycan Ordusu öz sözünü dedi".
A.Süleymanov Azərbaycan Ordusunun düşmən üzərində qələbələrindən narahatlıq keçirən BMT başda olmaqla digər beynəlxalq təşkilatlatı da qınadı: "30 ilə yaxındır, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllini təklif edib. Minsk qrupu münaqişənin həllində maraqlı olmayıb, Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, ATƏT, Avropa Şurasının Dağlıq Qarabağın azad olunmasıyla bağlı qəbul etdiyi qərarları ayaq altına atdı. İşğalçı ölkənin bu sayqısızlığına göz yumuldu, əksinə işğalçıya dəstək verildi. İndi nədən narahatdırlar, nədən müharibənin dayandırılmasını istəyirlər? Bəs bu vaxta qədər hardaydılar? Azərbaycanın artıq səbri tükənib, işğalçıya yerini göstərməklə gücünü sübut etdi, eyni zamanda Ermənistanı himayə edən ölkələrə mesaj vermiş oldu. Ermənistan ordusu əsgərlərimiz qarşısında diz çökmək məcburiyyətində qalıb".
A.Süleymanov onu da qeyd edib ki, Gürcüstanda yaşayan soydaşlarımız haqq işini müdafiə edən Azərbaycanın, onun prezidenti, cənab İlham Əliyevin yanındadır. Gürcüstanda yaşamağımıza baxmayaraq, Azərbaycan ürəyimizdir, vətənimizdir, onu qorumaq, uğrunda canından keçməyə hazırıq: "Şanlı ordumuzun düşmən üzərində yeni-yeni qələbələr çalacağına inanırıq, Azərbaycan bayrağının Şuşada dalğalanacağı gün uzaqda deyil. Bu gün Azərbaycanda dövlət-xalq-ordu birliyi, həmrəyliyi var. Bu həmrəylik bizi yalnız qələbələrə aparacaq. Yaşasın Azərbaycan və onun məğlubedilməz ordusu!"