• 24 Aprel 2024
logo
Bədrəddin Quliyev: Hər birimiz Vətən, dövlət, bayraq üçün canımızdan belə keçməyə hazır olmalı, Ali Baş Komandanımızın əmrini müsəllah əsgər kimi yerinə yetirməliyik

Bədrəddin Quliyev: Hər birimiz Vətən, dövlət, bayraq üçün canımızdan belə keçməyə hazır olmalı, Ali Baş Komandanımızın əmrini müsəllah əsgər kimi yerinə yetirməliyik

"Bu ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin törətdikləri hərbi təxribatların qarşısı uğurla alınmış və həmin dövrdə düşmən ağır itkilər vermişdi. Bununla belə, işğalçı dövlət öz təxribatlarından əl çəkmədi və avqust ayında ermənilərin diversiya qrupu ələ keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə Öz çıxışlarında bildirmişdir ki, ermənilər iyul hadisələrindən dərs götürməlidirlər. Amma son dövrlərdə işğalçı dövlətin istər cəbhənin təmas xəttinə, istərsə də dövlət sərhədinə ağır artilleriya, texnika, canlı qüvvə yerləşdirməsi bir daha onu göstərdi ki, onlar iyul hadisələrindən dərs götürmədilər. Əksinə, sentyabrın 27-də səhər saatlarında ermənilər cəbhə xəttində geniş hərbi təxribata əl atıb, artilleriya atəşinə başlayıb, nəinki hərbi mövqeləri, eyni zamanda, mülki əhalini hədəfə alıb. Lakin Azərbaycan Ordusu bunun cavabını verir, əks-həmlələr edir. Rəsmi məlumatlarda da bildirilir ki, döyüş vəziyyəti Azərbaycan Ordusunun tam nəzarətindədir və artıq bir sıra kəndlər, həmçinin yüksəkliklər düşmən işğalından azad edilib". Bunun qəzetimizə açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib. Partiya sədri bildirib ki, Azərbaycan dövləti qətiyyətli şəkildə öz torpaqlarının müdafiəsini təmin edir və Azərbaycan Prezidenti, Ali Baş Komandanımız da xalqa müraciətində bir daha bildirdi ki, Qarabağ Azərbaycandır! "Bu gün Cümhuriyyət Xalq Partiyası adından, şəxsən öz adımdan bütün siyasi qüvvələri Ali Baş Komandanın ətrafında birləşməyə çağırıram. Bu gün Azərbaycan xalqının öz torpaqları uğrunda mübarizəyə qalxdığı, qələbə ruhunun Azərbaycana gəldiyi bir gündür. Bu gün naminə bütün qüvvələr birgə olmalıdır. Hər birimiz Vətən üçün, dövlət üçün, bayraq üçün canımızdan belə keçməyə hazır olmalı, Ali Baş Komandanımızın əmrini müsəllah əsgər kimi yerinə yetirməliyik". Partiya sədri onu da əlavə edib ki, son parlament seçkilərindən sonra ölkəmizdə yeni siyasi dialoq mühiti formalaşdırılıb. Yeni siyasi situasiya həm də siyasi qüvvələr arasında konsolidasiyanın möhkəmlənməsinə, milli birliyin daha da güclənməsinə xidmət göstərdi. "Prezident Adminstrasiyasında, demək olar ki, əksər siyasi partiyalarla görüşlər keçirildi və orada bir sıra mühüm müzakirələr aparıldı. Bu gün dövlətini, xalqını sevən siyasi qüvvələr ölkəmizin düşmənləri ilə mübarizədə həmrəylik nümayiş etdirir. Bu gün Azərbaycanda daxili milli birlik formalaşdırılıb. Bütün bunlar, eyni zamanda, siyasi dialoqun verdiyi nəticədir. İnanıram ki, ölkəmizin taleyüklü məsələləri ilə bağlı birliyimiz davamlı olacaq və biz işğal altındakı torpaqlarımızı azad etdikdən sonra daha yüksək inkişafa nail olacağıq",-deyə B.Quliyev bildirib.