• 26 Oktyabr 2020
logo
Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir

Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir

Elçin Mirzəbəyli: “Azərbaycan Prezidentinin belə bir çətin, həssas məqamda milli birlik, həmrəylik nümayiş etdirən siyasi partiyalara ayrı-ayrılıqda diqqət ayırması ölkəmizdə etimadlı siyasi münasibətlərin formalaşmasında mühüm irəliləyişlərin əldə oldunduğunu göstərir”

Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq, əks-hücuma keçməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olması, düşmənə ağır zərbə vurması son 30 ilin ən böyük tarixi hadisələrindən biridir.

Bunu “Xalq cəbhəsi” qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli bildirib ki, siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkənin demək olar ki, bütün siyasi spektrinin – 50 partiyanın bir araya gələrək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduğunu bəyan etmələri də bir o qədər tarixi əhəmiyyət kəsb edən hadisədir, milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir: “Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənilməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Amma təəssüf ki, belə bir şəraitdə də iki siyasi partiya – Müsavat və AXCP Böyük Qələbə uğrunda mücadilədə Azərbaycan xalqı və dövləti ilə birlikdə olmağı bacarmadılar, öz kiçik hisslərinə, məhdud dünyagörüşlərinə yenildilər”.

BAXCP sədrinin müavini qeyd edib ki, siyasi partiyaların xalqımızın, dövlətimizin bu haq işində vahid mövqe nümayiş etdirmələrini Azərbaycan Prezidenti də yüksək qiymətləndirib: “BAXCP sədri Qüdrət Həsənquliyevin iş otağında olduğum zaman Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından ona zəng edildiyinin və nümayiş etdirdiyi mövqeyə, verdiyi dəstəyə görə ona dövlət başçısının təşəkkürünün çatdırıldığının şahidi oldum. Bildiyim qədər, haqqında söz açdığım bəyanatı imzalayan bütün siyasi partiyaların rəhbərlərinə cənab Prezidentin təşəkkürü çatdırılıb”.

Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan Prezidentinin belə bir çətin, həssas məqamda milli birlik, həmrəylik nümayiş etdirən siyasi partiyalara ayrı-ayrılıqda diqqət ayırması ölkəmizdə etimadlı siyasi münasibətlərin formalaşmasında mühüm irəliləyişlərin əldə oldunduğunu göstərir.