• 25 Oktyabr 2020
logo
Qəhrəman əsgərimiz Azərbaycan bayrağını Şuşamıza aparır!

Qəhrəman əsgərimiz Azərbaycan bayrağını Şuşamıza aparır!

Ermənistanın işğalçı ordusu növbəti dəfə qəflətən xaincəsinə 27 sentyabr 2020-ci il tarixdə sübh tezdən Azərbaycanın dinc yaşayış məntəqələrinə hücum edib. Bu, Ermənistan rəhbərliyinin faşist ideologiyası ilə silahlanaraq azərbaycanlılara qarşı nifrət zəminində qırğınlar törətmək, yeni ərazilər işğal etmək planı ilə hərəkət etdiyini göstərdi.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyan orduya və xalqa müraciətində deyir ki, “sizi sonsuz nifrət bəslədiyimiz azərbaycanlıları məhv etməyə çağırıram”:

“Bütün bunlar bir daha göstərir ki, nəsli bəlli olmayan, mağara tayfası kimi davranan haylar növbəti qırğınlar törətməyi, yeni ərazilər işğal etməyi özlərinin dövlət siyasəti kimi müəyyənləşdiriblər. Ermənistan öz işğalçı, düşmənçilik siyasətindən əl çəkməyib.

Hesab edirik ki, Ermənistanın ağır nəticələrə gətirib çıxara biləcək bu işğal planının qarşısı dərhal alınmalı və əhalimizin təhlükəsizliyi təmin edilməli idi. Ona görə də Azərbaycan Ordusunun qətiyyətli əks-hücumu nəticəsində işğalçı Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirilir. İşğalçı ordu hissələri darmadağın edilir.

Azərbaycan Ordusu işğal altındakı kəndlərimizi, strateji yüksəklikləri işğaldan azad edərək irəliləyir. Separatçı cinayətkar xunta rejiminin girovluğunda saxlanan dinc erməni əhalisi fürsətdən istifadə edərək qaçıb onlardan canlarını qurtarmaq istəyirlər.

Amma xüsusi postlarda dayanmış erməni terroristlər onların qarşısını kəsərək atəşə tuturlar, özlərinə canlı sipər düzəldirlər. Bilirlər ki, Azərbaycan əsgəri dinc sakinlərə heç vaxt atəş açmayıb və açmayacaqdır. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun komandanlığı Ağdərədə yerləşən Ermənistanın ordusunun əsgərlərindən, xaricdən gətirilmiş muzdlulardan və terrorçulardan ibarət qarnizona qan tökmədən təslim olmaq barədə son ultimatumunu verib. Onlar isə cavab olaraq Tərtər rayonunun mərkəzinə və kəndlərinə atəş açıblar”.

Komitə sədrinin sözlərinə görə, hadisələrin gedişatı göstərir ki, Ermənistanın faşist ideologiyalı siyasi-hərbi rəhbərliyi növbəti hərbi cinayətləri törətmək planından əl çəkmək istəmir:

“Belə olan halda bütün məsuliyyəti onlar daşıyırlar və bu cinayət əməllərinə görə tam cavab verəcəklər. Azərbaycan Ordusu BMT TŞ 1993-cü ildə qəbul etdiyi Qətnamələri icra edərək 8 yüz minə yaxın məcburi köçkünün öz doğma şəhər, qəsəbə və kəndlərinə qayıdaraq rahat yaşamaları üçün işğal edilmiş bütün əraziləri Ermənistan ordusundan və terrorçulardan təmizləyəcək, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa ediləcəkdir. Xalq öz Müzəffər Ordusuna inanır, ona dəstəkdir. Yolumuz Şuşayadır - qəhrəman əsgərimiz Azərbaycan bayrağını Şuşamıza aparır! Yaşasın Müstəqil Azərbaycan!”.