• 22 Oktyabr 2020
logo
Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdiyi təxribatla bağlı cinayət işi başlanıb - RƏSMİ

Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdiyi təxribatla bağlı cinayət işi başlanıb - RƏSMİ

Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdikləri təxribatlarla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Tərtər rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.