• 22 Oktyabr 2020
logo
Politoloq: Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması onun mənfur siyasətinin nümunəsidir

Politoloq: Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması onun mənfur siyasətinin nümunəsidir

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozur, qəsdən cəbhədə yaşayan mülki insanları və obyektləri atəşə tutur, yaşayış obyektlərinə ciddi surətdə ziyan vurur.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, Ermənistan yenidən işğalçı mahiyyətini ortaya qoyur: “Bu kimi qəsdən törədilən təxribatlarla işğalçı dövlət beynəlxalq humanitar hüququ, 1949-cu il Cenevrə konvensiyalarını kobud surətdə pozur. Ermənistanın mülki insanları hədəfə alması onun yenidən Xocalı soyqırımı kimi mənfur əmələ əl atacağı cəhdinə işarədir.

Azərbaycanın mülki əhalisinin hədəf seçilməsi beynəlxalq hüquq çərçivəsində Ermənistanın Azərbaycana qarşı olan hərbi təcavüzü və güc tətbiq etmək aktıdır. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən bu təcavüzün qarşısının alınması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilir. Ermənistan dövləti həyata keçirdiyi hərbi təcavüzlə regionun stabilliyinə zərər vurur, pozuculuq siyasəti yürüdür. Ermənistan regionun gələcək inkişaf perspektivlərinə ciddi şəkildə mane törədir, bu dövlət faktiki olaraq bölgədə barıt çəlləyi funksiyasını daşıyır.

Bütün dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı və BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi bir zaman çərçivəsində beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizlik edən Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüraya, təxribata və təcavüzə əl atır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında Ermənistanın işğal siyasətini tutarlı arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı və dünya birliyini bir daha məlumatlandırdı ki, Ermənistan Azərbaycana qarşı növbəti təxribata və təcavüzə hazırlaşır. Hal-hazırki vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır”.