• 28 Mart 2024
logo
QHT-lər ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət etdi

QHT-lər ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət etdi

Azərbaycan qeyri-hökumət təşkilatları BMT-nin Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, ABŞ Prezidenti Donald Trampa, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, Fransa Respublikasının Prezidenti Emanuel Makrona müraciət ünvanlayıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında "İctimai Liderlər Platforması"nın müraciətində qeyd olunur:

“27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhali hədəfə alınmışdır. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar vardır, vətandaşların mülkiyyətinə ciddi ziyan dəymişdir.

Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır.

Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun müdddət hazırlaşdığı və bu gün başlatdığı Azərbaycana qarşı hücumu hazırda bütün cəbhə boyu davam edir. Bu beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Əgər bu ilin iyul təcavüzünə görə işğalçı Ermənistanın qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty İnternational, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəyidi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq.

Buna görə də, biz, bu bəyanata imza atan, siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanın bütün qeyri-hökumət təşkilataları sizlərə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.

Ermənistanın müharibə cinayətlərinin davam etməsinə, Azərbaycana qarşı başladığı yeni hərbi təcavüzə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız".