• 22 Oktyabr 2020
logo
Prezident İlham Əliyev: Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq

Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar barədə danışarkən söyləyib.

Dövlət başçısı bildirib:

Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, "Qarabağ Ermənistandır", onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır.

Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının "andiçmə" mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.

Bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası" parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən "könüllü" hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır.