• 28 Mart 2024
logo
Türkiyə XİN: Ermənistanın mülki insan tələfatına səbəb olan hücumunu qətiyyətlə pisləyirik

Türkiyə XİN: Ermənistanın mülki insan tələfatına səbəb olan hücumunu qətiyyətlə pisləyirik

“Ermənistan Silahlı Qüvvələrinin bu gün səhər atəşkəsi pozaraq Azərbaycan Ordusuna, eləcə də Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndlərinə qarşı ağır silahlardan atəş açdığını, cəbhə xəttində atəşkəsi pozduğunu öyrəndik. Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan bu hücumu qətiyyətlə pisləyirik”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy bildirib.

Diplomat deyib ki, bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha nümayiş etdirir: “Beynəlxalq ictimaiyyəti haqlının yanında olmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza görə Azərbaycan xalqına başsağlığı veririk, yaralılara şəfalar diləyirik”.

Hami Aksoy deyib ki, Azərbaycan xalqı və Azərbaycan dövləti ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcək: “Bu müddətdə Türkiyə Azərbaycana tam dəstək verəcək”