• 25 Aprel 2024
logo
Prezident İlham Əliyev: “Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə zərbələr endirir”

Prezident İlham Əliyev: “Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə zərbələr endirir”

“Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə zərbələr endirir”.

Bunu bu gün Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxıb.

Bunun erməni faşizminin növbəti təzahürü olduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb: “İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olub. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıb. İlk həlak olanlar da Azərbaycan hərbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə bir dəfə demişəm, bir də deyirəm, əgər bizim istəyimiz olsaydı, biz hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılıb. Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə, Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı. Yeni ərazilər uğrunda yeni işğal siyasəti, budur bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi iqtisadi və sosial məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb odur ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub”.

Dövlət başçısı nəzərə çatdırıb ki, məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda faktiki danışıqlar dayanıb: “Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür. Bu məqsədlər onlar üçün əsas məqsədlərdir. İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, ərazi bütövlüyünü qorudu. Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq. Əfsuslar olsun ki, onlar üçün bu, dərs olmadı”.