• 27 Oktyabr 2020
logo
Səfirlik: Lavrov görüşdə həmsədrlərin iştirakı ilə danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib

Səfirlik: Lavrov görüşdə həmsədrlərin iştirakı ilə danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib

Azərbaycanın Rusiyadakı Səfirliyi Milli Məclisin Sədri Sahibə Qafarovanın sentyabrın 21-23-də Moskvaya rəsmi səfəri barədə məlumata yayıb.

Səfirliyin Mətbuat Xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, məlumatda Azərbaycan parlamentinin spikerinin Rusiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər barədə ətraflı bildirilib.

Səfirliyin məlumatında Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşləri, Federasiya Şurasının plenar iclasında çıxış, eləcə də Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşü barədə qeyd olunub.

Bildirilib ki, Lavrovla görüşdə Sahibə Qafarova iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında müntəzəm təmasların ikitərəfli münasibətlərə dinamiz verdiyini vurğulayıb.

“Sergey Lavrov görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaradılması üzərində işi və onların məğzi ilə bağlı Azərbaycan nümayəndə heyətini ətraflı məlumatlandırıb, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiyanın münaqişənin sülh yolu və dinc vasitələrlə həllinin əks olunduğu mövqeyini bir daha xatırladıb. Bununla əlaqədar Lavrov tərəflər arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə danışıqların tezliklə bərpasının vacibliyini qeyd edib. Nazirlə deputatlar arasında ətraflı fikir mübadiləsi baş tutub”, - deyə Səfirliyin məlumatında qeyd olunub.