• 19 Aprel 2024
logo
“İqtidarın deyə bilmədiklərini müxalifət deyir”

“İqtidarın deyə bilmədiklərini müxalifət deyir”

Qüdrət Həsənquliyev: “Prezidenti müdafiə etdiyini bəyan edən vicdanlı iqtidar təmsilçiləri bizi fəaliyyətimizə görə etika çərçivəsində tənqid edə bilərlər, amma əsassız hücum etməməli, əksinə onların demədiklərini dediyimizə görə bizə minnətdar olmalıdırlar”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini oxucularımıza təqdim edirik:
- Qüdrət bəy, Milli Məclisin sədri Sahibə Qafarovanın Moskvaya səfərini necə qiymətləndirərdiniz?
- Çox yüksək qiymətləndirirəm. Rusiya bizim böyük qonşumuzdur və bizim iki milyona qədər soydaşımız orada yaşayır. Bundan başqa, həmişə hesab etmişəm ki, böyük qanlarsız Qarabağ probleminin həlli daha çox Rusiyadan asılıdır. Ona görə də bağlı qapılar arxasında Rusiya ilə bu istiqamətdə danışıqlar aparılmasının tərəfdarı olmuşam. Mətbuata verilmiş açıqlamalardan belə anlamaq olar ki, Rusiya rəhbərliyi Paşinyanın siyasətindən narazıdır. Xüsusilə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin “Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq yaradır və sülh prosesinə töhfə vermir” deməsi çox əhəmiyyətlidir. Sahibə xanıma Federasiya Şurasında senatorlar qarşısında çıxış etmək imkanının yaradılması və onun milli maraqlara cavab verən yüksək səviyyəli çıxışı, Valentina Matviyenkonun bu səfəri əməkdaşlığın gələcəyinə dair müzakirələr üçün gözəl fürsət adlandırması, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması və Azərbaycana strateji tərəfdaş kimi önəm verilməsinin xüsusi vurğulanması diqqətəlayiq məqamlardır. Ümid edirəm bağlı qapılar arxasınada ciddi müzakirələr aparılmışdır. Ölkəmizin ərazi bütövlüyünün bərpası üçün belə danışıqları vacib sayıram. Əgər bu danışıqların nəticəsi olmayacaqsa, Rusiya Ermənistana münaqişənin beynəlxalq hüquqa uyğun həlli üçün təzyiq etməyəcəksə Azərbaycan neytrallıq siyasətindən imtina etməli, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında saziş imzalamalı və Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır.
- Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olduğu üçün onun Ermənistana təzyiq etmək ehtimalı varmı?
- Siyasətdə hər şey mümkündür. Dövlətləri də insanlar kimi maraqlar birləşdirir. Rusiya görür ki, Paşinyan tədrici addımlarla Ermənistanı Rusiyadan uzaqlaşdırır, vəzifələrə “Sorosun uşaqları” təyin olunur, müasir silahları da artıq Qərb ölkələrindən alır. Rusiya onun da fərqindədir ki, xüsusilə son illərdə Azərbaycan Respublikası Prezidentinin səyləri nəticəsində Ermənistanın işğalçı siyasəti beynəlxalq aləmdə tamamilə ifşa olunmuşdur və belə bir siyasəti müdafiə etmək Rusiyanın özü üçün də problemə çevrilir. Biz Rusiyanı inandıra bilsək ki, ərazi bütövlüyümüzü bərpa edəcəyimiz halda regionda onların maraqlarını müdafiə edə bilərik, ola bilsin Rusiyanın ədalətli mövqe sərgiləməsinə nail olaq. Yox, heç bir halda Rusiya Qarabağ münaqişəsinə münasibətini dəyişməyəcəksə o halda xalqla açıq danışılmalı və qərbyönümlü xarici siyasət kursu seçilməlidir.
- Qarabağ münaqişəsinə münasibətdə müxalifətdə olan partiyaların iqtidardan fərqli təşəbbüslərlə çıxış etməsi ümumi işin xeyrinədir,yoxsa ziyan vurur?
- Söhbətin hansı müxalifətdən və hansı təkliflərdən getdiyinə diqqət yetirməliyik. Əvvəla qeyd edim ki,ərazi bütövlüyümüzün bərpa olunmasının zəruriliyi məsələsində bütün partiyalar eyni mövqedən çıxış edir. Amma onun necə təmin olunması məsələsində fərqli fikirlər var və bunun olması təbiidir.
Xaricdəki ermənipərəst dairələrin əlində oyuncağa çevrilmiş, iqtidarın legitimliyini tanımayan radikal qruplar faktiki olaraq ölkəmizə qarşı düşmənçilik siyasəti aparırlar. Onların “başbilənlərindən” biri Arif Məmmədov dünənə qədər hakimiyyəti tənqid edirdisə ki,niyə torpaqları azad etmirsiniz, bu gün hökuməti müharibə edib ölkəni Suriyaya çevirmək istəməsində ittiham edir, Prezidenti, Birinci vitse-prezidenti ölkəmizin gələcəyi üçün təhlükə hesab edirlər. Yaxud hökumətin həm islahatların dərinləşdirilməsi,həm Qarabağ məsələsində ciddi qərarlar qəbul etmək ərəfəsində olduğu bir zamanda Milli Şura hakimiyyət təmsilçilərinə sanksiya tətbiq edilməsi tələbi ilə beynəlxalq ictimaiyyətə müraciət edir. Bu artıq müxalifətçilik yox,düşmənşilikdir.
Onlardan fərqli olaraq parlament müxalifəti Prezidentə və Birinci vitse-prezidentə sabitliyin təminatçısı və ölkəmizi qansız-qadasız yeni mərhələyə keçirəcək islahatları aparmaq gücündə olan şəxslər kimi baxır və haqlı saydığı, dövlət maraqlarının tələb etdiyi məsələlərdə müdafiə edir.
BAXCP olaraq biz bəzən ölkəmizin maraqları naminə çox da populyar olmayan, bəzən gerçəkləşdirilməsi çətin olan təşəbbüslərlə çıxış edirik. Bəzi qonşu və Qərb ölkələrinin, beynəlxalq təşkilatların dost olmayan, yalnış və ikili standartlar siyasətini kəskin tənqid edirik, onların siyasətinin mahiyyəti barədə xalqımıza obyektiv məlumat verməyə çalışırıq. Bu zaman həmin dövlətlər müxtəlif yollarla, o cümlədən hakimiyyətdəki nüfuz dəllalları, əlaltıları vasitəsilə bizə əsassız hücumlar təşkil edirlər. Həm də təkcə onlar yox, sabitliyə ciddi təhlükə olan klanların təmsilçiləri də həmçinin. Amma anlamırlar ki, bu hücumları ilə onlar heç nəyə nail olmayacaqlar. Zaman bəzi qərarların qəbulunu diqtə edir. Prezident parlamentin açılışında söylədi ki, bizim demədiklərimizi deputatlar deməlidir. Mən bu müraciətin daha çox parlamentdəki müxalifətə hədəfləndiyini düşünürəm. Bütün sivil dünyada da bu belədir. İqtidarın deyə bilmədiklərini müxalifət deyir. Mənim Rusiya ilə danışıqlar nəticə verməsə Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması barədə çıxışımın yuxarıda qeyd etdiyim şəxslərdə ciddi qıcıq doğurduğunun fərqindəyəm. Prezidenti müdafiə etdiyini bəyan edən vicdanlı iqtidar təmsilçiləri bizi fəaliyyətimizə görə etika çərçivəsində tənqid edə bilərlər, amma əsassız hücum etməməli, əksinə onların demədiklərini dediyimizə görə bizə minnətdar olmalıdırlar.