• 23 Oktyabr 2020
logo
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması təklif olunub

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması təklif olunub

Sentyabrın 23-də Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Özbəkistan Ali Məclisinin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun üzvləri ilə birgə onlayn videokonfrans keçiriblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, videokonfransın təşəbbüskarı olan Özbəkistan Ali Məclisinin təmsilçisi - Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi-ədəbi-mədəni-iqtisadi əlaqələrdən söz açıb.

Parlamentlərarası əlaqələrin intensivləşməsinin, qanunvericilik sahəsində təcrübə mübadiləsinin, beynəlxalq qurumlarda əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirən Dilorom Fayziyeva vurğulayıb ki, beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrdən, qarşılıqlı səfərlərdən, dostluq qruplarının fəaliyyətindən söz açıb və indiyədək işçi qrupların üzvləri arasında 10-dan çox görüş keçirildiyini nəzərə çatdırıb.

Deputatlarımızın İslam Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, BMT, ATƏT, TÜRKPA, AŞPA və digər beynəlxalq qurumlarda yaxından əməkdaşlıq etdiyini, bir-birinin mövqeyini dəstəklədiklərini bildirib.

Eldar İbrahimov bildirib ki, indiyədək ölkələrimiz arasında 100-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə imzalanıb: “Çoxtərəfli əməkdaşlığın inkişaf edib genişlənməsində dövlət başçılarının, həmçinin parlament sədrlərinin qarşılıqlı səfərlərinin və beynəlxalq sammitlərdəki görüşlərinin xüsusi rolu var. Bu il Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur”.

Daha sonra videokonfransda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi perspektivlərinə dair fikirlərini açıqlayıblar, təkliflərini diqqətə çatdırıblar.

Videokonfransda Azərbaycan parlamentinin deputatları Azay Quliyev və Ziyad Səmədzadə, Özbəkistan parlamentinin deputatları Adxan Şadmanov, Oydin Abdullayeva və Abdullo Aslonov fikirlərini bölüşdülər. Qarşılıqlı maraq doğuran bir sıra təkliflər irəli sürülüb.

Təkliflərdə vurğulanıb ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin güclənməsi, investisiyaların təşviqi, biznes forumların təşkili, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və digər sahələrdə geniş perspektivlər var.

Videokonfransda Milli Məclisin deputatlarından Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Musa Quliyev, Elman Nəsirov və Cavanşir Paşazadə, həmçinin Özbəkistan parlamenti tərəfdən Azərbaycanla dostluq qrupunun üzvləri Farxod Bokiyev və Odiljon İminov da iştirak ediblər.