• 27 Oktyabr 2020
logo
“Ermənistan Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını aydın şəkildə nümayiş etdirir”

“Ermənistan Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını aydın şəkildə nümayiş etdirir”

İlyas Hüseynov: “Işğal olunmuş ərazilərə təlim keçmiş erməni silahlıları köçürülür”

“Bildiyiniz kimi, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev iclasda videoformatda çıxış edib. Qeyd edək ki, iclasda ümumilikdə 182 ölkənin dövlət və hökümət başçısı videoformatda çıxış edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı olub. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür”. Bu fikirləri politoloq İlyas Hüseynov səsləndirib. O, diqqətə çatdırıb ki, dövlət başçısı BMT-dəki çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Ermənistanın iyul hadisələrindən sonra dövlət sərhədində yenidən aktivləşməsi müşahidə olunur. Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistan bu yolla könüllülərin orduya cəlb olunmasına çalışmaqla işğalçı dəstələrini gücləndirmək fikrindədir.
Digər tərəfdən, Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Heç kimə sirr deyil ki, Nasizmin şöhrətləndirilməsi və təbliğ olunması Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Ermənistanda mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Ermənistanın təhsil sistemində, rəsmi mediada və sosial şəbəkələrdə gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Bu, dövlət tərəfindən aparılan siyasətin təzahürüdür.
Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Sözügedən milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub. Sənəddə qeyd olunur ki, danışıqlar prosesinin məqsədi “müharibənin nəticələrinin qorunması”dır. Bu açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətindədir və dayanıqlı sülhə xidmət edən danışıqlarda maraqlı deyil.
Təcavüzkar ritorika və son təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını aydın şəkildə nümayiş etdirir. Ermənistan Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə erməni ailələrini deyil, yaxşı təlim keçmiş erməni silahlılarını köçürür.
Təxribatların baş verməsinə və regionda gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.