• 30 Oktyabr 2020
logo
Azərbaycan - Gürcüstan münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin qarantıdır

Azərbaycan - Gürcüstan münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin qarantıdır

Bu gün Azərbaycanın Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Ermənistanla müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.

Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir.

Biz iqtisadi sahədə uğurlu əməkdaşlıq nümunəsini ortaya qoymaqla, hər iki ölkəyə böyük dividentlər gətirən mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirmişik. Azərbaycan Ermənistan sərhəddinin Tovuz rayonu ərazisində Ermənistan tərəfinin məlum təxribatlari zamanı Gürcüstan üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsi ölkələrimiz üçün taleyüklü məqamlarda dost dəstəyinin ən yüksək səviyyədə təzahürüdür. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur. Ölkələrimiz arasındakı qonşuluq, dostluq münasibətlərinin strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlməsi bölgədə sabitlik və təhlükəsizliyi təmin edir.

Bu gün müəyyən qüvvələr çalışır ki, Azərbaycan-Gürcüstan münasibətləri korlansın. Xüsusilə də, Gürcüstanda müxtəlif vəzifələri tutmuş ermənilər bu prosesdə maraqlıdırlar. Onlar Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Lakin, Azərbaycan və Gürcüstan vətəndaşları bu cür qızışdırıcı çağırışlara uymamalıdırlar. İndi emosional çağırışlar, impulsiv davranış deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır. Əminəm ki, bundan sonra da dost Azərbaycan və Gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək və onların ekstremist təşəbbüsləri iflasa uğrayacaq.

Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur. Qardaş və dost ölkənin ərazi bütövlüyünə, baş verən siyasi proseslərə dövlətimiz tərəfindən bu gün də hörmətlə yanaşılır.

Bu baxımdan oktyabrın 31-də keçiriləcək Parlament seçkiləri nəinki dünya, eyni zamanda Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzində olacaq. Hazırda Parlament seçkilərinə hazırlıq dövrü uğurla davam edir. Gürcüstanın seçki qanunvericiliyi demokratik seçkilərin keçirilməsinə tam imkan verir. Ölkə Konstitusiyasına edilən son dəyişikliklərə əsasən seçkilər yeni qarışıq sistemdə keçiriləcək. Belə ki, 120 millət vəkili proporsional sistem, 30 millət vəkili isə majoritar sistem üzrə seçiləcək. MSK-nın məlumatına əsasən seçkilərdə iştirak edəcək partiyaların qeydiyyat prosesi başa çatıb və müraciət edən 78 partiyadan 66-sı artıq qeydiyyata alınıb.

Gürcüstan parlamentli respublika olduğuna görə, seçkilərdə qalib gələn növbəti dörd il ərzində ölkəni idarə edəcək. Son 8 ildə ölkəni idarə edən “Gürcü arzusu” partiyası bu seçkilərdə inamlı qələbə qazansa, Gürcüstan tarixində üçünçü müddətə seçilmiş ilk hakim partiya olacaq.

Məzahir Əfəndiyev
Milli Məclisin deputatı