• 29 Mart 2024
logo
Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”

Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”

“Ermənistan hakimiyyəti Livan və Suriyadan olan erməniləri Azərbaycanın işğal altındakı torpaqlarına köçürərək minlərlə insanın taleyi ilə oynayır”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasına siyasi ekspert Tengiz Txilava deyib.

O bildirib ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin etnik tərkibinin süni şəkildə dəyişdirilməsi beynəlxalq hüquqa ziddir və Ermənistan bu siyasəti işğalın ilk illərindən bəri yürüdür: “Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında etnik tərkibi süni şəkildə dəyişdirməyə çalışması beynəlxalq hüquqa ziddir. Ermənilər qondarma “Artsax Respublikası” haqqında nə qədər danışırlar danışsınlar, hər kəs bu bölgənin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olduğunu yaxşı bilir. Ermənistanın bu bölgədə etnik mənzərəni süni şəkildə dəyişdirməyə çalışması yeni hadisə deyil. Əslində, Ermənistan bu prosesə işğalın lap əvvəllərindən azərbaycanlı əhalini bu bölgədən didərgin salmaqla başlayıb. Ermənistan hakimiyyəti Livan və Suriyadan olan ermənilərin işğal altındakı ərazilərə köç etdirilməsinə çalışaraq minlərlə insanın taleyi ilə oynayır. Çünki bu ərazilərdə qeyri-qanuni şəkildə yeni məskunlaşmış insanlar məsələnin mahiyyətinin xəbərdar olmasalar belə, gec-tez bölgəni öz həqiqi sahiblərinə qaytarmalı olacaqlar”.

PKK terror təşkilatının, həmçinin Yaxın Şərqdən olan digər terrorçu qruplaşmaların üzvlərinin Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirən siyasi ekspert qeyd edib ki, bu, Ermənistan rəhbərliyinin bölgədə vəziyyəti gərginləşdirmək siyasətinin tərkib hissəsidir: “Dağlıq Qarabağda terror təşkilatlarının istifadəsi kifayət qədər məlum bir həqiqətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev müxtəlif beynəlxalq forumlardakı çıxışlarında bunu dəfələrlə vurğulayıb. Bütün bunlar yayda törədilən təxribatlarla birlikdə ona dəlalət edir ki, müəyyən dairələr tərəfindən Paşinyana bəslənən ümidlər boşa çıxıb. Ermənistanın Baş naziri öz mövqeyinin girovuna çevrilib və onun başqa cür hərəkət etməsi sadəcə mümkün deyil. Bura mövcud vəziyyətdə heç bir dəyişiklik istəməyən, yaranmış gərginlikdən öz məqsədləri üçün istifadə etməyə çalışan üçüncü tərəfləri də əlavə edə bilərik. Bütün bunlara əsasən deyə bilərik ki, Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”.