• 26 Oktyabr 2020
logo
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanacaq

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanacaq

Sentyabrın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Tahir Rzayev 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib. Vurğulanıb ki, ötən dövrdə komitə gərgin işləyib. 7 iclas keçirilib, 17 məsələ müzakirə olunub.

Sessiyalar ərzində komitənin ünvanına daxil olmuş 31 təklif, ərizə və şikayətə baxılıb, müvafiq qaydada həll edilib, bəziləri araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Hesabat dövründə komitənin üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, mətbuatda müxtəlif səpgili çıxışlar edərək ölkəmizin siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar barədə vaxtaşırı seçicilərini məlumatlandırıblar.

Hesabat məqbul hesab edildib.

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.

Millət vəkilləri Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev müzakirə ediləcək sənədlərlə bağlı fikirlərini açıqlayıblar, təkliflərini bildiriblər. İş planı təsdiq edilib.