• 1 Noyabr 2020
logo
Milli Məclisin payız sessiyasında Səhiyyə komitəsinin ilk iclası keçirilib

Milli Məclisin payız sessiyasında Səhiyyə komitəsinin ilk iclası keçirilib

Sentyabrın 18-də Milli Məclisin payız sessiyasında Səhiyyə komitəsi ilk iclasını keçirib.

Komitənin sədri Əhliman Əmiraslanov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edərək, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulayıb və gündəliyi təqdim edib.

Öncə Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlərin hesabatı dinlənilib. Məlumat verilib ki, hesabat dövründə komitədə 8 iclas keçirilib, 21 məsələ müzakirə olunub. Həmin məsələlərdən 17-si qanun layihəsi olub. Komitədə üç oxunuşda müzakirədən keçən həmin qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında qəbul edilib.
Hesabat dövründə komitəyə 140 ərizə və şikayət daxil olub. Həmin müraciətlərin araşdırılaraq tədbir görülməsi üçün müvafiq təşkilatlara 100 məktub göndərilib.

Komitə sədri Əhliman Əmiraslanov qeyd edib ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı problemlər Səhiyyə komitəsi üzvlərinin xüsusi diqqətində olub. Pandemiya başlanandan indiyədək deputatlar vətəndaşlarla müntəzəm görüşlər keçirib, yerlərdə vəziyyəti öyrənib, seçicilərin qayğı və çətinliklərinə həssas yanaşaraq problemlərinin həllinə yardımçı olublar. Deputatlar həmçinin koronavirus problemi ilə əlaqədar KİV-lərdə fəal çıxışlar ediblər, lazımi izahat işləri aparıblar.

Yaz və növbədənkənar sessiyalar dövründə komitə COVID-19-la bağlı 2 dinləmə təşkil edib. Geniş auditoriyada mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə olunub. Bildirilib ki, türkdilli ölkələrdə COVID-19-la əlaqədar vəziyyətin müzakirə edildiyi dünənki videokonfransda ən yaxşı vəziyyətin Azərbaycanda olduğu məlum olun.

Əhliman Əmiraslanov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən əsaslı tədbirlər bütün göstəricilərdə müsbət dinamikanı təmin edib. Hazırda Azərbaycanda 50-yə yaxın laboratoriyada koronavirus testi aparıla bilir. Ölkə miqyasında ən müasir avadanlıqlarla təchiz olunmuş 47 pandemiya xəstəxanası fəaliyyət göstərir. Yoluxanlarla müqayisədə virusdan sağalanların sayında, test aparılmasında, itkilərin azlığında, ölkə üzrə səhiyyə müəssisələrindəki çarpayı sayında Azərbaycanın göstəriciləri çox yaxşıdır. Operativ Qərargahın fəaliyyəti də səmərəli nəticələrini verir.

Hesabat dinlənildikdən sonra komitədə geniş müzakirələr aparılıb. Deputatlar Məlahət İbrahimqızı, İlham Məmmədov, Kamilə Əliyeva, Soltan Məmmədov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, komitə sədrinin müavini Rəşad Mahmudov hesabata dair müsbət fikirlərini açıqladılar, səhiyyə sahəsi ilə əlaqədar bir sıra təkliflər irəli sürüblər.

Yekunda Səhiyyə komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayılıb.

Sonra komitə sədri 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib. Qeyd edib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı komitədə “İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq.

Müzakirə zamanı səslənən bəzi təkliflər də iş planına daxil edildi və iş planı təsdiqlənib.

Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.