• 19 Mart 2024
logo
Gürcüstanda keçirilən beynəlxalq hərbi təlim başa çatıb

Gürcüstanda keçirilən beynəlxalq hərbi təlim başa çatıb

Gürcüstanda keçirilən “Layiqli Tərəfdaş 2020” (Noble Partner 2020) adlı beşinci çoxmillətli hərbi təlimlər başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 7-də start götürən hərbi təlimlərin bağlanış mərasimi bu gün Vaziani poliqonunda keçirilib. Tədbirdə Gürcüstan dövlət və hökumət rəsmiləri, ABŞ-ın Gürcüstandakı səfiri, iştirakçı ölkələrin zabitləri iştirak edib.
Builki hərbi təlimlərdə Gürcüstanla yanaşı, NATO üzvü olan 4 dövlətdən - ABŞ, Böyük Britaniya, Polşa və Fransadan olan ümumilikdə 2 700-dən çox şəxsi heyət iştirak edib.

Təlimlərdə tərəfdaş qüvvələrin hərbçiləri sahə tapşırıqları ilə yanaşı, kiber təhlükəsizlik və informasiya əməliyyatları üzrə müxtəlif tapşırıqlar yerinə yetiriblər.

“Güc tərəfdaşlıqdadır” şüarı ilə keçirilən təlimlərin məqsədinin tərəfdaş ölkələrin hərbi qüvvələrinin qarşılıqlı əməliyyat qabiliyyətinin, hərbi hazırlığının inkişaf etdirilməsi, həmçinin Qara dəniz bölgəsində stabilliyin və təhlükəsizliyin gücləndirilməsi olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl 2018-ci ildə keçirilən “Layiqli Tərəfdaş 2020” hərbi təlimlərində Azərbaycan da daxil olmaqla, 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3 000-dən artıq hərbi qulluqçu iştirak edib.

Azərbaycanın builki hərbi təlimlərdə iştirakı Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin mart ayında Bakıya səfəri zamanı azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü zamanı müzakirə edilib.