• 19 Mart 2024
logo
Rusiya XİN Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib

Rusiya XİN Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə APA-nın Moskva müxbirinin “Ötən həftə sosial şəbəkələrdə Livandan olan erməni ailəsinin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb. Bu isə beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Rusiya XİN bu faktı necə şərh edir?” sualına cavab olaraq bildirib ki, Rusiya Dağlıq Qarabağın de-fakto rəhbərliyinin Livanı tərk edən ermənilərin nəzarət etdikləri ərazilərdə yerləşdirilməsi niyyətindən xəbərdardır.

“Biz iki livanlı ailənin Dağlıq Qarabağa köçmək niyyətində olması ilə bağlı xəbərləri oxumuşuq. Livandan olan qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara real axın etməsi ilə bağlı məlumatlara malik deyilik.

Hesab edirik ki, indi Dağlıq Qarabağ probleminin həllinə istiqamətlənən danışıqlar prosesinin bərpasına, o cümlədən regiondakı qaçqın və məcburi köçkünlərin probleminə diqqəti yönəltmək lazımdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistanın XİN başçıları ilə telefonla məsləhətləşmələr aparıb. Onlara vasitəçilərin təkliflərini, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı atılacaq addımlar çərçivəsində həmsədrlərin ayrı-ayrılıqda nazirlərlə görüş keçirilməsi təklifini veriblər. Biz tərəflərin müsbət reaksiyasına ümid edirik”, - deyə M. Zaxarova vurğulayıb.