• 26 Aprel 2024
logo
Ölümə və həyata təhrik edənlərin fərqi

Ölümə və həyata təhrik edənlərin fərqi

Bu illər ərzində bircə dəfə də olsun Əli Kərimlinin, Qənimət Zahidin və Tofiq Yaqublunun səhhəti üzərindən siyasdi qazanc əldə etmək istəyən digərlərinin aclıq aksiyası keçirdiklərinin şahidi olmamışam. Bu adamlar dövləti içəridən sökən korrupsionerlərin çirkli pulları, nüfuz müvəkkiliklərinə görə aldıqları muzd və qrantların hesabına uzun illərdir ki, heç bir faydalı işlə məşğul olmadıqları, heç bir yerdə çalışmadıqları halda ömürlük “toxluq aksiyası” keçirirlər

...Həyat elə gətirib ki, SSRİ-nin dayaqlarının sarsılmağa başladığı ilk günlərdən ən müxtəlif aksiyaların içərisindən keçmişəm. O cümlədən aclıq aksiyalarının... İştirakçı kimi, jurnalist kimi, insanların taleyinə biganə qala biməyən sıradanbir Azərbaycan vətəndaşı kimi...

Bu zaman kəsiyində aksiyaların motivindən asılı olmayaraq, insan həyatının dəyərini bilən, humanizm hissini unutmayan hər kəsin yalnız bir mövqedən çıxış etdiyinin şahidi olmuşam. Bir qayda olaraq aksiyanı dayandırmağa çağırıblar və bunun üçün bütün mümkün emosional təsir vasitələrindən yararlanıblar. Aclıq aksiyası keçirənləri ölümə deyil, yaşamağa təhrik ediblər. Eyni davranışı mən özüm də sərgiləmişəm. Çünki məqsəd insan həyatının xilas edilməsi olub, yaranmış vəziyyətdən hansısa maraqlar, yaxud məqsədlər üçün istifadə etmək yox...

Amma təəssüf ki, son günlər Tofiq Yaqublunun ətrafında cərəyan edən hadisələrdə eyni və vahid yanaşmanın, insan həyatının xilas edilməsinin bütün digər amillərdən üstün tutulmasının şahidi ola bilmədik...

Ölkədən müxtəlif yollarla və vasitələrlə, həmçinin məqsədlərlə çıxaraq, özgə qapılarına və maraqlarına sığınanlar, siyasi mövcudluqlarını başqalarının faciəsi üzərindən qoruyub saxlamağa çalışanlar nəyin bahasına olursa-olsun Tofiq Yaqublu ilə bağlı baş verənlərin acı sonluqla bitməsinə cəhd göstərirlər. Ölkə sərhədlərindən kənardakı maraqların dilindən danışanların, klassik siyasi cəhənnəm bayquşlarının, qrant qoxusuna burun çəkənlərin, acı sonluq üzərindən kapital qazanmaq üçün yuxusu ərşə çəkilənlərin yeganə məqsədi Tofiq Yaqublunun aclığı davam etdirməsi, səhhətinin daha da pisləşməsi və... Bu barədə düşünmək belə istəmirəm.

Yaqublunun səhhəti üzərindən aqressiv ritorika körükləyənlərin nə düşündüyündən asılı olmayaraq, dövlət onun özünün və həkiminin istədiyi xəstəxanaya yerləşdirilməsinə razılıq verməklə humanizm nümayiş etdirib. Bu, faktdır! Tofiq Yaqublu fasiləsiz həkim nəzarəti altındadır və müvafiq qurumlar onun səhhətində problemlərin yaşanmaması üçün əllərindən gələni əsirgəmirlər.

Son bir neçə gün ərzində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri “City Hospital”da Tofiq Yaqubluya baş çəkib, onun səhhəti ilə maraqlanıblar. Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin Tofiq Yaqublu ilə görüşünə şərait yaradılıb. Kəsəsi, dövlətin öz vətəndaşının – Tofiq Yaqublunun sağlamlığına münasibətdə sərgilədiyi yanaşma ortalıqdadır və necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.

Xaricdə oturub Azərbaycanda iğtişaş və qarşıdurma yaratmaqda maraqlı olan qüvvələr üçün vacib olan isə Yaqublunun sağlamlığı və həyatı yox, qazanmaq istədikləri siyasi dividentdir. Əgər belə olmasaydı, müxtəlif sosial şəbəkələr üzərindən Tofiq Yaqublunun səhhəti ətrafında aqressiv emosional fon yaratmağa, insanların, o cümlədən Yaqublunun doğmalarının hissləri ilə oynamağa çalışanlar ilk növbədə onun sağlamlığını düşünər, aclığın davam etdirililməsini stimullaşdıran, qıcıqlandırıcı, təhrikedici çağırışlar səsləndirməzdilər. Bu qüvvələrin məqsədi Tofiq Yaqublunun həyatını siyasi alver predmetinə çevirməklə Azərbaycanı hədəf göstərmək, ölkənin nüfuzuna mümkün qədər çox zərbə vurmaqdan ibarətdir.

Bu şəxslərin niyyətini bu gün Tofiq Yaqublunun ətrafında olan yaxınları da anlamağa başlayıb. Adil Qeybulla MeydanTV-yə müsahibəsində açıq şəkildə bildirib ki, “bəzi internet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, Tofiq Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur”;

Qeyd edim ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bir neçə gün öncə Tofiq Yaqublunun həbsinə səbəb olan hadisədən dərhal sonra səsləndirdiyi fikirlərə diqqət çəkərək demişdi: “Onun barəsində həbs qətimkan tədbiri seçiləndə də söyləmişdim ki, bəzi siyasi dələduzlar Tofiq Yaqublunun döyüşçü xarekterindən sui-istifadə edib, bu ailənin iztirabları üzərində alçaqcasına siyasət qururlar. Özlərinin həbs olunacağına kiçicik təhlükə yarandığını hiss edən kimi siyasətdən, partiya sədrliyindən imtina etməyə hazır olduqlarını bəyan edənlər Tofiq Yaqublunu daha təmkinli olmağa çağırmaq əvəzinə hər zaman qızışdırdılar ki, Tofiq bəy çox cəsurdur, dönməzdir, həbsdən qorxmur və s. Həbsdən öncə onun gərginlik keçirdiyi açıq hiss olunurdu. Özünün yersiz radikallığını və üzə düşdüyünü başa düşsə də xarakteri və ətrafı ona geri çəkilməyə imkan vermirdi. Bu onun əsəblərinə də təsir edirdi və o bir çox hallarda sübut edə bilməyəcəyi əsassız ittihamlara və təhqirlərə yol verir, qırmızı xətti keçirdi. Hesab edirəm ki, Tofiq bəyin başına gələnlərdən gənc siyasətçilər və onu hər gün efirə çağırıb radikallığa təhrik etməklə bu həddə gətirib çıxarmış vicdansızlar da nəticə çıxarmalıdırlar”.

Tofiq Yaqublunun dostu və həkimi də “Müsavat TV”-yə müsahibəsində eyni məqamlara toxunub və deyib ki, Sevinc Osmanqızı verilişində çıxış edənləri də yönləndirir bu istiqamətə ki, şou yaratsın: “Oraya yığışan adamlar, Arif Məmmədov, Amerikadakı Aleks - bütün enerjilərini sərf edirlər ki, Tofiq Yaqublu aclığı davam etdirsin”.

Eyni yanaşma digər siyasi partiya liderlərinin, həmçinin hüquq müdafiəçilərinin status və açıqlamalarında da nəzərə çarpır. Məsələn, Real Partiyasının sədri İlqar Məmmədov yazır: “ Daha bir fəalın həyatını xərcləyib üzərindən siyasət qurmaq istəyənlərin xidmətində duran Sevinc Osmanqızı, Arif Məmmədov, Aleks (Ələsgər) Raufoğlu - bu millətə norma kimi sırımaq istədiyiniz vicdansızlıqla, eləcə də sistemli və sistemsiz yalanlarınızla birgə rədd olun, necə ki olunmusunuz”.

Əli Kərimlinin, Sevinc Osmanqızının, Qənimət Zahidin və bu zümrədən olan digərlərinin Tofiq Yaqublu ilə bağlı bütün statusları yalnız və yalnız ölümə təhriketmə ritorikası üzərində qurulub. Nə yazırlar, nə deyirlər bu adamlar? “Tofiq Yaqublu aclığı davam etdirəcək”, “Tofiq Yaqublu heç bir halda aclığı dayandırmayacaq” və s. və ilaxır.

Yazının əvvəlində son 31-32 il ərzində ən müxtəlif aksiyaların, o cümlədən aclıq aksiyalarının içərisindən keçdiyimi yazmışdım. Bu illər ərzində bircə dəfə də olsun Əli Kərimlinin, Qənimət Zahidin və Tofiq Yaqublunun səhhəti üzərindən siyasdi qazanc əldə etmək istəyən digərlərinin aclıq aksiyası keçirdiklərinin şahidi olmamışam. Bu adamlar dövləti içəridən sökən korrupsionerlərin çirkli pulları, nüfuz müvəkkiliklərinə görə aldıqları muzd və qrantların hesabına uzun illərdir ki, heç bir faydalı işlə məşğul olmadıqları, heç bir yerdə çalışmadıqları halda ömürlük “toxluq aksiyası” keçirirlər. Və öz siyasi maraqlarını təmin etmək, “ənənəvi” maliyyə qaynaqlarını qorumaq üçün hər kəsi qurban verməyə hazırdırlar. Nəinki ayrı-ayrı şəxsləri, hətta ölkənin mənafeyini belə ilk fürsətdəcə ayaqlar altına atmaq üçün əmrə müntəzir dayanıblar.

Sərt karantin dövründə keçirdikləri qeybət video-şoularında gerçək mahiyyətlərini ortaya qoyaraq neftin qiymətinin düşməsinə sevinənlər, koronavirus pandemiyası şəraitində ölkədə iqtisadi vəziyyətin, əhalinin sosial durumunun psiləşməsini arzulayanlar, insanların saf vətənpərvərlik hisslərindən öz iyrənc niyyətləri üçün istifadə etməyə çalışanlar indi də insan həyatını məqsədə çatmaq üçün vasitə kimi görür və öz iddialarını gerçəkləşdirmək üçün istənilən rəzilliyə hazır olduqlarını açıq-aydın nümayiş etdirirlər.

...Budur onların gerçək mahiyyəti və təəssüf ki, hələ də aramızda belələrinin ifşa olunmaqdan “aşsüzən”ə çevrilmiş iç üzlərini görə bilməyənlər, yaxud görmək istəməyənlər də var...

Elçin Mirzəbəyli