• 20 Sentyabr 2020
logo
Türkiyə XİN: Hərbi təyyarələrin birgə uçuşu iki ölkə arasında dostluğun gücünü dünyaya nümayiş etdirdi

Türkiyə XİN: Hərbi təyyarələrin birgə uçuşu iki ölkə arasında dostluğun gücünü dünyaya nümayiş etdirdi

“Ötən gün Türkiyə və Azərbaycan hərbi təyyarələrinin birgə uçuşu iki ölkə arasında dostluq və qardaşlıq duyğusunun nə dərəcədə güclü olduğunu dünyaya nümayiş etdirdi”.

Bunu bu gün BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.

Selim Kıran deyib ki, Bakı Qafqazda önəmli enerji və nəqliyyat mərkəzinə çevrilib: “102 il əvvəl Bakını işğaldan azad edən Qafqaz İslam Ordlusu və Azərbaycan Korpusunun qəhrəmanları hörmətlə yad edirik”.

Türkiyə Xarici İşlər nazirinin müavini qeyd edib ki, Azərbaycanın Türkiyədə sərmayəsi 20 milyard, Türkiyənin Azərbaycan 11 milyard dollar sərmayəsi var: “Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin önəmi qeyd edilməlidir. Azərbaycanın TANAP və TSAP-ın tədarükçüsü olması mühümdür. Azərbaycan Prezidentinin təbrikində qeyd edildiyi kimi, Qara dənizdə qaz yatağının aşkarlanması Türkiyənin artan gücünün bir təzahürüdür”.

O nəzərə çatdırıb ki, İpək Yolunun canlandırılması istiqamətində Türkiyə və Azərbaycan birlikdə çalışır: “Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığımız yeni bir səviyyəyə çatıb. Öncəki illərdə olduğu kimi bu il birgə təlimlər keçirilib. Ötən il vizaların müddətini qarşılıqlı 90 gün müddətinə qaldırdıq”.

Azərbaycan və Türkiyənin beynəlxalq səviyyədə əməkdaşlığını yüksək qiymətləndirən Kıran qeyd edib ki, Prezident İlham Əliyev Yunanıstan səfərini qəbul edən zaman Türkiyənin Aralıq dənizində mövqeyinə açıq dəstək ifadə edib: “Bu dəstək Türkiyə xalqı tərəfindən də yüksək qiymətləndirildi”.