• 2 Oktyabr 2020
logo
Erkan Özoral: "Azərbaycan və Türkiyənin COVID-19-la mübarizədə əməkdaşlığı nümunədir"

Erkan Özoral: "Azərbaycan və Türkiyənin COVID-19-la mübarizədə əməkdaşlığı nümunədir"

"Azərbaycan və Türkiyə COVID-19 pandemiyası ilə mübarizədə örnək bir əməkdaşlıq göstərir".

APA-nın məlumatına görə, bu sözləri APA TV-nin canlı efirində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, COVID-19 qlobal problemdir.

“Dünyanın müxtəlif ölkələrində məhdudiyyətlər tətbiq olunur, ölüm sayları artır. Bu virus çox sürətli yayılır. Pandemiya ilə mübarizədə qlobal əməkdaşlıq tələb olunur. Azərbaycan və Türkiyə bu mübarizədə örnək bir əməkdaşlıq göstərir.

Pandemiya başlayandan Səhiyyə nazirlərimiz təmasda olub. Bir-biri ilə koordinasiyalı şəkildə işləyiblər. İki ölkə arasında hava sərhədinin qarşılıqlı qapadılması prezidentlərin birgə qərarından sonra verilib. Türkiyədən Azərbaycana həkim briqadası gəlib.

Həmçinin Türkiyədə tibb təhsil alan 19 nəfərdən ibarət Azərbaycan həkimləri ölkəyə qayıdıb", - deyə səfir bildirib.

Səfir əlavə edib ki, pandemiya ilə mübarizə çərçivəsində Türkiyə 100 ölkəyə yardım göndərib: “Biz Azərbaycana da tibbi ləvazimatlardan ibarət 30 tonluq yardım göndərdik. Bilirik ki, Azərbaycanın buna ehtiyacı yoxdur, ancaq bu, qardaşlıq və həmrəyliyin simvolu idi".

O deyib ki, bu gün Türkiyədə COVID-19-a qarşı peyvəndlə bağlı 7 araşdırma aparılır. Araşdırmalardan birində bir azərbaycanlı həkim də iştirak edir.