• 19 Sentyabr 2020
logo
Parlamentin İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri müəyyənləşib

Parlamentin İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri müəyyənləşib

Milli Məclisin İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri müəyyənləşib.

APA-nın məlumatına görə, bu, sabah Milli Məclisin İntizam Komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi” layihəsində əksini tapıb.

Layihəyə əsasən, barəsində araşdırma aparılan deputatın aşağıdakı hüquqları olacaq:

- Barəsində daxil olmuş müraciətlər və təqdimatlar, habelə aşkar olunmuş məlumatlar haqqında dərhal məlumatlandırılmaq;

- Barəsində aparılan araşdırma ilə bağlı İntizam komissiyasının iclasının günü və saatı haqqında vaxtında xəbərdar edilmək;

- İntizam komissiyasının və komissiyada baxılan məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclaslarında iştirak etmək;

- Müvafiq sənədlərlə və materiallarla tanış olmaq və çıxarışlar etmək, etirazlar etmək, suallar vermək, çıxış etmək, öz dəlil və mülahizələrini şifahi və yazılı şəkildə təqdim etmək;

- İntizam komissiyasının qərarlarının və rəylərinin surətini almaq;

- İzahat vermək;

- Müvafiq sahədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda Daxili Nizamnamədə və bu Əsasnamədə göstərilən digər hüquqları həyata keçirmək.

Barəsində araşdırma aparılan deputatın aşağıdakı vəzifələri var:

- İntizam komissiyasının çağırışı ilə gəlmək;

- İntizam komissiyasının üzvlərinin suallarını cavablandırmaq;

- Müvafiq sahədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda, Daxili Nizamnamədə və Əsasnamədə göstərilən digər vəzifələri yerinə yetirmək.

Barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılan məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclasında iştirakı mümkün olmadıqda, məsələyə onun iştirakı olmadan baxılacaq. Barəsində araşdırma aparılan deputatla komissiyanın üzvü (üzvləri) arasında şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda deputat komissiyanın həmin üzvünə (üzvlərinə) yazılı və şifahi formada əsaslandırılmış etiraz etməlidir. Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq çəkdikdə və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.