• 20 Oktyabr 2020
logo
Aydın Quliyev: Türkiyə Azərbaycana dəstək göstərməklə tarixi ənənənin davam etdirildiyini sübut etdi

Aydın Quliyev: Türkiyə Azərbaycana dəstək göstərməklə tarixi ənənənin davam etdirildiyini sübut etdi

1918-ci ilin 15 sentyabrı Azərbaycan-Türkiyə qardaşlığı tarixində elə böyük və məzmunlu simvoldur ki, hər iki xalq bu ana qədər misilsiz fədakarlıq nümunələri göstərdi və həmin andan sonra bütün dünyanın taleyinə mütərəqqi təsirlər göstərən saysız birgə addımlar atdılar.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, həmin gün Qafqaz İslam ordusu və Azərbaycan ordusunun birləşmələrinin Bakıya daxil olması müstəqil demokratik Azərbaycan dövlətçiliyinin bərqərar edilməsi yolunda həlledici rol oynadı: "Məhz bu hadisədən iki gün sonra müstəqil Azərbaycan hökumətinin Gəncədən Bakıya köçməsi və Bakının paytaxt elan olunması iki qardaş xalqın birlik tarixində yeni və əbədi bir yolun başlandığını ortaya qoydu, eyni zamanda qardaş Türkiyə ordusunun 102 il əvvəlki tarixi yürüşü payraxtımız Bakı və onun tükənməz sərvətləri ilə bağlı erməni-daşnak planlarının iflasa uğradılması ilə nəticələndi.
İki il əvvəl - 2018-ci ildə prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın bu tarixi hadisənin 100 illik ildönümünü Bakıda möhtəşəm hərbi paradla qeyd etməsi birgə tariximizin ən şanlı səhifəsinə verilən real və dolğun qiymət idi. Həmin gün məşhur türk şahinlərinin Azərbaycan səmasında uçuşları sadəcə göz oxşayan əyləncə deyil, bütün dünyanın, dost və düşmənlərin diqqətlə izlədiyi böyük geosiyasi fakt idi".

Baş redaktor bildirib ki, birləşmiş hərbi parad 100 il əvvəl olduğu kimi bu gün də Bakının erməni təcavüzü qarşısında tək və gücsüz olmadığını qətiyyətlə nümayiş etdirdi. Bu gün qardaş Türkiyə və Azərbaycanın hər il azı on dəfə müxtəlif hərbi təlimlər keçirməsi və başqa məzmunlarda əməkdaşlıqlar etməsi sübut edir ki, 1918-ci ildə qəhrəman Türk ordusunun açdığı yol möhtəşəm formalarda genişlənir, davam edir və möhkəmlənir. 12 iyulda Ermənistan Tovuzda təxribat törədərkən qardaş ölkənin hərbi siyasi rəhbərliyi misilsiz qətiyyətlə Azərbaycana dəstək göstərdi və 1918-ci il hadisəsindən başlayan tarixi ənənənin inamla davam etdirildiyini sübut etdi. Bu gün hər iki ölkənin liderlərinin səyləri ilə münasibətlər elə bir nöqtəyə gəlib ki, Türkiyə rəhbəri olmayan yerdə Türkiyənin, Azərbaycan lideri olmayan yerdə isə Azərbaycanın sözü yenilməz qətiyyətlə deyilir. Prezident İlham Əliyevin bu günlərdə yunan səfirinə "biz qardaş Türkiyənin Şərqi Aralıq dənizində qanuni mənafelərini birmənalı tanıyır və müdafiə edirik " deməsinin Türkiyə-Azərbaycan qardaşlığının düşmənlərinə sərrast zərbə olduğuna heç kim şübhə etmir.Tarixdə bir dənə də olsa nümunə göstərmək olmaz ki, İllər öncə Prezident İlham Əliyevin Praqada "qardaşım Ərdoğan burda yoxdur, ancaq mən varam " deyərək Ermənistanın prezidentinin sifətinə şillə effektinə malik sözlər deməsinə oxşar addım atmış olsun.1918-ci ildə Nuru paşanın timsalında yaradılan tarixi qəhrəmanlıq nümunəsi 74-75 il sonra "bir xalq, iki dövlətik" kimi böyük geosiyasi fəlsəfəni ortaya qoyan Heydər Əliyevin şəxsində davam etdirildi. Qardaşlığın böyük yolunu indi dövlət başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan uğurla davam etdirir".

Siyasi ekspert qeyd edib ki, Avrasiyanın geosiyasi xəritəsini dəyişmiş Bakı-Ceyhan, Bakı-Tiflis-Qars, TAP, TANAP və s. kimi layihələrin gerçəklik haqqı qazanmasında 1918-ci ilin 15 sentyabr tarixinin möhtəşəm payı var: "İki qardaş ölkə bu gün qarşılıqlı investisiyaların həcminə və artım templərinə görə dünyada analoqu olmayan nümunələr yaradırlar".