• 1 Oktyabr 2020
logo
Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfirini qəbul edib

Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfirini qəbul edib

Bu ilin 8 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rafal Poborskini qəbul edib.

XİN-dən bildirilib ki, Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edərək, bu xüsusda ali səviyyədə həyata keçirilən səfər mübadilələrinin əməkdaşlığın inkişafına təkan verdiyini deyib.

Cari ildə dünyanın üzləşdiyi pandemiyaya rəğmən ölkələrimiz arasında əməkdaşlığın davam etdirildiyini qeyd edən nazir, bu xüsusda Polşa tərəfindən Azərbaycana COVİD-19 ilə mübarizə çərçivəsində göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.

Səfir Rafal Poborski öz növbəsində, Polşa Xarici İşlər naziri Zbiqnev Raunun səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırdı. Səfir iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən işğalçı siyasəti, təcavüzkar Ermənistanın işğal edilmiş ərazilərdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, Ermənistanın silahlı qüvvələrinin 12-16 iyul tarixlərində iki ölkə sərhədində törətdiyi hərbi təxribatı, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasında xidmət edən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Səfir Rafal Poborski Polşanın şərq qonşuluğu ölkələrində sabitliyin təmin olunmasında maraqlı olduğunu qeyd etdi və Polşa üçün beynəlxalq hüquqa hörmət prinsipinin çox vacib olduğunu diqqətə çatdırıb.