• 20 Sentyabr 2020
logo
Hulusi Kılıç: Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi

Hulusi Kılıç: Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi

Türkiyə həmişə Azərbaycandan dəstək görüb və belə bir dəstəyə ehtiyacı olduğunu da heç zaman gizlətməyib. Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər, Türkiyəyə növbəti dəstəyi ölkəmizdə böyük rəğbətlə qarşılandı. Bir daha əmin olduq ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri nə dərəcədə möhkəmdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Prezident İlham Əliyevin 2014-cü ildə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyana sərt cavab verdiyini, Türkiyəni müdafiə etdiyini, konkret faktlarla təcavüzkar dövlətin iddialarının əsassız olduğunu xatırladan Hulusi Kılıç Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. O deyib: “Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərindən danışarkən konkretlik və açıq, qətiyyətli mövqe nümayiş etdirmək kimi çox yüksək cəhətləri xüsusi qeyd etməliyəm. Praqmatik və açıq siyasətçi imici qazanmaq hər liderə nəsib olmur. Prezident İlham Əliyevin şəxsiyyətini türk xalqına sevdirən mühüm cəhətlərdən biri də məhz onun hər zaman Türkiyəyə olan tükənməz sevgisini açıq nümayiş etdirməsidir. Əminliklə deyə bilərəm ki, dövlət başçısının bu mövqeyi, açıq dəstək mesajları Azərbaycan-Türkiyə münasibətlərindəki tarixi qardaşlıq bağlarının daha da möhkəmlənməsinə təkanverici güc oldu”.