• 21 Sentyabr 2020
logo
Ermənilərin Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırılması siyasəti 200 ildən çoxdur ki davam edir - Deputat

Ermənilərin Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırılması siyasəti 200 ildən çoxdur ki davam edir - Deputat

Avqustun əvvəlində Livanın paytaxtı Beyrutda baş vermiş partlayış 200 ildən çoxdur ki, ermənilərin Azərbaycan torpaqlarına, xüsusi ilə Dağlıq Qarabağa və ətraf rayonlara qeyri-qanuni köçürülməsi prosesinə yeni təkan verdi.

Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, Yaxın Şərqdə ermənilərin daha çox kompakt yaşadıqları ölkələrdən olan Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində ölən və yaralanlar içərisində erməni mənşəli vətəndaşların olması, erməni məhəllərinə və tiklilərinə də ziyan dəyməsi planlaşdırılan köçürmə siyasətini reallaşdırmaq üçün işğalçı Ermənistana yeni fürsət yaradıb:

"Baş vermiş faciə nəticəsində Ermənistana təxliyə edilmiş ailələrin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı təklif gündəmə gətirilmişdir. Əsas məqsəd nə olursa olsun, Dağlıq Qarabağda demoqrafik vəziyyətə süni olaraq təsir göstərmək, burda daha çox ermənilərin məskunlaşdırılmasına nail olmaqdır. Əslində bu ssenari yeni deyil, Rusiya və İran arasında 1813 –cü ildə bağlanmış “Gülüstan” və 1828-ci ildə bağlanmış “Türkmənçay” müqavilələrindən sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi prosessinin əsası qoyulmuş və bu günə kimi davam edir. Çar Rusiyası dağılana dək Türkiyədən, İrandan və digər Yaxın Şərq ölkələrindən ermənilərin Azərbaycan torpaqlarına, əlalxüsus Dağlıq Qarabağa köçürülməsini təmin etmişdir. İndi isə, 30 ildir ki, bu qeyri-qanuni məskunlaşdırma siyasətini Dağlıq Qarabağı və ətraf 7 rayonumuzu işğal edən işğalçı Ermənistan həyata keçirir.

Hazırda Livandan və Suriyadan ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi üçün münbit şərait yaranmışdır. Süriyada gedən münaqişələr, Beyrutda baş verən partlayışdan sonra bu çətinliklərlə üzləşən ermənilərin bir çoxu bu ölkələri tərk edirlər. Bu ölkələrdə fəaliyyət göstərən erməni diaspora təşkilatları və digər erməni təşkilatları bu ölkəlri tərk edən erməniləri Ermənistana və ordan da işğal olunmuş Qarabağ torpaqlarına yönləndirirlər. Çox ehtimal ki, gələn ermənilərin içərisində erməni terror təşkilatının üzvləri, xüsusi hazırlıq keçmiş və Azərbaycana qarşı keçiriləcək hərbi əməliyyatlarda iştirak üçün nəzərdə tutulan muzdlular da yer alırlar. Birinci Qarabağ müharibəsi zamanı erməni cəbhəsində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriyadan və Livandan olan yaraqlılar fəal surətdə iştirak ediblər. ASALA erməni terror təşkilatının üzvü Monte Melkonyan Qarabağ müharibəsində məhz xarici muzdlulardan təşkil olunmuş batalyonun komandiri olub.
Baş verənlər göstərir ki, Ermənistan beynəlxalq öhdəliklərini pozmaqda davam edir. Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz məskunlaşdırma siyasətini yerinə yetirmək üçün hər fürsətdən istifadə edir. Ermənistan rəhbərliyi avqustun əvvəlində Beyrutda baş verən partlayışdan Dağlıq Qarabağ və ətraf rayonlarda ermənilərin qanunsuz yerləşdirilməsi üçün bir fürsət kimi dəyərləndirir. İşğal altında olan Azərbaycan ərazisində qurulmuş separatçı rejimin lideri Livandan olan 150 erməni ailsinin Dağlıq Qarabağa yerlədirilməsini təklif edib və artıq bir-neçə ailə bu bölgəyə yerləşdirilmişdir. Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən, birinci növbədə Livandan və Suriyadan gətirilən erməni ailələrini Dağlıq Qarabağda və bura bitişik rayonlarda qanunsuz olaraq yerləşdirmişdir.

Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da öz əksini tapmışdır.

Beynəlxalq İctimayyət Ermənistanın bu məsuliyyətsiz hərəkətlərini qınamalı, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün Ermənistandan xoşniyyətli danışıqlar aparmağı tələb etməlidir.

Beynəlxalq ictimayyət tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzkar əməllərinə görə, Azərbaycan torpaqlarının 20%-nin işğalına görə qınanması son dərəcə vacibdir. Beynəlxalq ictimayyət Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini, ermənilərin işğal olunmuş Azəərbaycan torpaqlarına qanunsuz məskunlaşdırılması siyasətini kəskin surətdə pisləməyincə və bu ölkənin təhlükəli və qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görülməzsə, bu region davamlı olaraq silahlı qarşıdurmalar və müharibə risqi ilə üzbə üz qalacaqdır".