• 23 Sentyabr 2020
logo
Vüqar Rəhimzadə: Ermənistan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslər faşizm ideologiyasının daşıyıcılarıdır

Vüqar Rəhimzadə: Ermənistan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslər faşizm ideologiyasının daşıyıcılarıdır

“Paşinyanın Dağlıq Qarabağa səfəri göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur, hərbi əməliyyatların yenidən bərpasına, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindədir. Hətta, Paşinyanın cəbhənin Tovuz istiqamətində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərini mükafatlandırması, onlardan birinə “milli qəhrəman” adını təqdim etməsi sözsüz ki, Azərbaycan ictimaiyyətində qıcıq yaratmağa, İyul döyüşlərindən sonra Ermənistan ordusunda yaranmış ruh düşkünlüyünü aradan qaldırmağa hesablanmışdı”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında deyib.

Vüqar Rəhimzadə bildirib ki, Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində olması onun bu günə qədər gizli saxlamağa çalışdığı mətləblərə yenidən işıq salıb: “Çünki Paşinyanın və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Ermənistanın təxribat xarakterli son addımları bir daha bu ölkənin faşizm ideologiyasına xidmət etdiyini isbatlayır: “Sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət siyasətinə çevrilib. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu antibəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Elə Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək, faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Artıq bu gün hər kəsə aydındır ki, Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdirlər, bu xislətləri ilə fəxr edirlər. Təsadüfi deyil ki, Paşinyanın babası da faşist olub, onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirakına dair tutarlı faktlar var”.

Vüqar Rəhimzadə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təcavüzkar ölkənin qeyri-qanuni fəaliyyətinə, o cümlədən məskunlaşdırma siyasətinə də toxunub. Diqqətə çatdırıb ki, zaman-zaman işğal altında olan ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına dair faktlar açıqlanıb: “Söz yox ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında qeydə alınsa da, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulması olsa da, bu günə qədər təcavüzkar ölkənin bu əməllərinə göz yumulub. Beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni məskunlaşdırma faktları ilə bağlı niyə susurlar? Nə üçün bu vaxta qədər yeri gəldi-gəlmədi insan hüquqlarından, demokratiyadan dəm vuran beynəlxalq təşkilatlar bu cür saxtakarlıq faktlarının üzərindən sükutla keçiblər? Axı, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik quruluşunu dəyişdirmək niyyəti güdür. Ermənistanın əsas məqsədi Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsi ilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinə əngəl törətməkdir. Hətta, ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. Məgər bu qədər faktlar və işğal olunmuş ətraf rayonlarımızda reallaşdırılan qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq təşkilatların hərəkətə keçmələri üçün kifayət deyilmi? Bu gün Dağlıq Qarabağda və işğal altındakı ətraf rayonlarda qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüququn norma və prinsiplərin kobud şəkildə pozulması və tarixin saxtalaşdırılması kontekstində aparılır. Dünya bunu görməyəcək qədər kordurmu? Hesab edirəm ki, Ermənistan hakimiyyətinin bu özbaşınalığına göz yummağın ikili standartlardan başqa adı yoxdur”.