• 24 Oktyabr 2021
logo
Vüqar Rəhimzadə: Kadr islahatları ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir

Vüqar Rəhimzadə: Kadr islahatları ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir

“İdarəetmədə zəngin biliyi və böyük təcrübəsi olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. Təsadüfi deyil ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir”.

Bu fikri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması, iqtisadi yüksəlişə nail olmaq və insanlar üçün yüksək həyat standartları təmin etməkdir. Bu hədəfə çatmaq üçün isə köklü islahatlar həyata keçirilir. Reformalar ölkədə yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr islahatlarının da reallaşdırılmasını təmin edir. Son vaxtlar Prezident İlham Əliyevin rayon və şəhər icra hakimiyyətlərinə gənc rəhbərləri təyin etməsi, onlara etimad göstərməsi, xüsusilə də səlahiyyətlərinin icrasına başlamaları ərəfəsində onları qəbul edərək tövsiyələrini verməsi söylədiklərimizin əyani sübutudur. Dövlətimizin başçısı avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulu zamanı kadr siyasətinə bir daha toxunub və dəyərli fikirlərini diqqətə çatdırıb. Məhz kadr siyasətində düzgün addımların atılmasının gərəkliliyindən danışan möhtərəm Prezidentimiz İlham Əliyev bəzi hallarda rəhbərlərin özlərinə yaxın olan, sadiq saydıqları kadrları önə çəkmələrini, lakin o kadrların digər xüsusiyyətlərinin nəzərə alınmamasını qəbuledilməz hesab edir. Dövlət başçısının kadr təyinatında irəli sürdüyü əsas tələb ondan ibarətdir ki, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Dövlətçiliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Eyni zamanda, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır”.

“Kadr islahatları ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir” deyən Vüqar Rəhimzadə əlavə edib ki, düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir: “Bu gerçəkliklərin fonunda Azərbaycanda son vaxtlar dövlət aparatının strukturu və funksiyaları optimallaşdırılıb, dövlət hakimiyyəti orqanlarının kadr potensialının peşəkar səviyyədə inkişafının idarəetmədə səmərəliliyinin artırılması təmin olunub. Bu məqsədlə dövlət idarəçiliyinin və dövlət qulluqçularının davamlı peşəkar təliminin və normativ-hüquqi bazasının yaradılması prosesi uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyev tərəfindən son dövrlərdə aparılan struktur və kadr islahatları iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə stimul verməkdədir. Hər kəs şahidlik edir ki, cənab Prezident bütün kadrlara, o cümlədən məmurlara qarşı tələbkarlığı daha da artırır. Dövlət başçısı yeni vəzifəyə təyin etdiyi icra başçısını qəbul edərək qarşısında ciddi tələblər qoyur. Tələb edir ki, ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara uyğunlaşdırılmalıdır. Şəhər və rayonlarda, ilk növbədə, iqtisadi inkişafa nail olunmalı, məşğulluq problemləri həllini tapmalıdır. Vətəndaşlarla məmurların təmas platforması genişləndirilməlidir. Bir sözlə, "xalqın gözü tərəzidir” prinsipi qarşıdakı dövrdə məmurların fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri elan olunur. Dövlət başçısı bu proseslərin reallaşmayacağı təqdirdə cəza tədbirlərinin görüləcəyini də açıq şəkildə bəyan edir”.

Vüqar Rəhimzadə diqqətə çatıdırıb ki, son vaxtlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu kadr islahatlarının gözdən salınması üçün qarayaxma kampaniyası aparan “beşinci kolon”un həddən artıq qıcıqlanması ölkədə həyata keçirilən kadr islahatlarının düzgünlüyünü isbatlayır: “Azərbaycanın istənilən uğuruna sevinməyən bəzi ünsürlər həyata keçirilən müsbət dəyişiklikləri görməzdən gəlirlər. Belə qənaət yaranır ki, bu dövlətin, xalqın xeyrinə nə varsa, onların ziyanınadır. Anti-Azərbaycançı şəbəkənin mənasız, boş-boş iddiaları hər zamankı kimi iflasa məhkumdur və bütün ölkə ictimaiyyəti görür ki, islahatlar Azərbaycanın dinamik inkişafının meydana gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır. Kadr islahatlarının həyata keçirilməsi isə əlbəttə ki, idarəetmənin təkmilləşdirilməsi məqsədinə xidmət edir”.