• 24 Oktyabr 2021
logo
Birinci vitse-prezident Mehriban Əliyeva qadın liderliyinin parlaq nümunəsidir - Latviyanın sabiq prezidenti

Birinci vitse-prezident Mehriban Əliyeva qadın liderliyinin parlaq nümunəsidir - Latviyanın sabiq prezidenti

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qadın liderliyinin parlaq nümunəsidir.

Bunu Trend-ə Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.

Onun sözlərinə görə, balanslaşdırılmış xarici siyasət və fəal mədəniyyətlərarası dialoq sayəsində Azərbaycan bir çox beynəlxalq aktorlar üçün etibarlı tərəfdaşa çevrilib:

“Bakı müxtəlif humanitar, mədəniyyətlərarası və dinlərarası sammitlərin keçirildiyi məkana çevrilib. Birinci vitse-prezident Mehriban Əliyeva bu proseslərdə fəal və vacib rol oynayır. Mən Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumu yaxşı xatırlayıram. Bu forum 2008-ci ilin iyununda keçirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir, eləcə də təkcə Azərbaycanda deyil, həm də bütün dünyada qadınları ruhlandırmaqla qadın liderliyinin parlaq nümunəsi kimi çıxış edir. Qlobal layihələrə, eləcə də təhsil, elm və mədəniyyətin inkişafına töhfələrinə görə Birinci vitse-prezident Mehriban Əliyeva Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı ilə təltif edilib”.

V.Zatlers əlavə edib ki, Mehriban Əliyeva nümunəsi qadınları ictimai həyatda fəal iştiraka təşviq edir və bu, mükəmməl nümunədir:

“Azərbaycan dövləti qadın hüquqları sahəsindəki tarixi ilə qürur duya bilər. Birinci vitse-prezident Mehriban Əliyeva öz nümunəsi ilə Azərbaycanın ictimai və siyasi həyatında qadınların artan rolunu nümayiş etdirən görkəmli şəxsiyyətdir”.

COVID-19 pandemiyası ilə bağlı yaranan yeni çağrışlardan danışan V.Zatlers bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya ilə mübarizədə çoxtərəfli əməkdaşlığın təşviqinə yönəlmiş səylərini xüsusi vurğulayıb:

“Azərbaycan Prezidenti bu istiqamətdə böyük səylər göstərib. Dünyada qlobal məsuliyyət sərgiləyən insanlara ehtiyac var. Məhsuldar əməkdaşlıq üçün dünyanı birləşdirmək asan məsələ deyil. Bunun üçün daha çox səy göstərmək və qarşıya qoyulan məqsədlərə çatmaq üçün qətiyyətli olmaq lazımdır. Prezident İlham Əliyev də məhz bunu edir. O, təkcə milli lider deyil, nüfuzlu beynəlxalq liderdir. Mən hər zaman onun yeni təşəbbüslərini dəstəkləyəcəyəm”.

O qeyd edib ki, pandemiya dövrü hamı üçün, o cümlədən beynəlxalq qeyri-hökumət təşkilatları və “beyin mərkəzləri” üçün çətin dövrdür:

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bəşəriyyətin mürəkkəb problemlərinə diqqət ayırır. Mərkəz, həmçinin hökumətlərin və beynəlxalq təşkilatların diqqətini qarşıdan gələn ciddi çağırışlara yönəltməyi hədəfləyir. Dəyirmi masa ətrafındakı müzakirələr bizi mümkün həll yollarına yaxınlaşdırır. İndi öz məqsədlərimizi unutmadan pandemiya ilə bağlı reallıqlara uyğunlaşmağın vaxtıdır”.

V.Zatlers bildirib ki, COVID-19 pandemiyası bütün ölkələr üçün ciddi çağırışdır və hökumətlər pandemiyaya müqavimət göstərmək üçün mümkün addımları atırlar:

“Eyni zamanda vəziyyət müxtəlif ölkələrdə cəmiyyətlərin necə fərqli olduğunu göstərir. Hamıya uyğun olan vahid həll yolu mövcud deyil. Eyni zamanda qlobal problem qlobal yanaşma tələb edir. Biz daha yaxşı nəticələr əldə etmiş ölkələrdən öyrənməliyik. Biz uğurların və uğursuzluqların səbəblərini başa düşməliyik. Burada qlobal əməkdaşlıq lazımdır. Bu, kim birinci vaksin yaradacaq yarışı deyil. Məsələ bütün dünyada hər bir insan üçün effektiv və təhlükəsiz vaksin yaratmaqdır. Həm regional, həm də qlobal səviyyədə səmimi və etibarlı əməkdaşlığın vaxtı çatıb”.

Yekunda Azərbaycanla Latviya arasında münasibətlərə toxunan V.Zatlers vurğulayıb ki, bu münasibətlər yüksək səviyyədədir və qarşılıqlı etimad və dostluğa əsaslanır:

“İki ölkə arasında siyasi münasibətlər stabillik nümayiş etdirir. Müxtəlif səbəblərdən biz regional problemlərə və əməkdaşlığa daha çox diqqət ayırmalı oluruq, ona görə də iqtisadi münasibətlər hələlik kifayət qədər inkişaf etməyib. Amma mən əminəm ki, yaxın zamanlarda ölkələrimiz arasında əməkdaşlıq genişlənəcək. Bunun üçün bizim yaxşı siyasi bazamız var”.