• 10 İyul 2025
logo
Vüqar Bayramov: “Azərbaycan dövləti sahibkarlara dəstək nümayiş etdirir”

Vüqar Bayramov: “Azərbaycan dövləti sahibkarlara dəstək nümayiş etdirir”

“Azərbaycan dövləti mütəmadi olaraq sahibkarlara dəstək nümayiş etdirir. Xüsusən pandemiya dövründə sahibkarlara dəstəyin artırılması, həm iqtisadi paket, həm dolayı təşviq tədbirləri ilə sahibkarların dəstəklənməsi göstərir ki, ən həssas dönəmlərdə belə Azərbaycan dövləti sahibkarının yanındadır və sahibkarlığın dəstəklənməsi siyasətini davam etdirir”.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

V. Bayramov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulda da dövlətin sahibkarlara dəstək göstərdiyini, müdafiə etdiyini, şərait yaratdığını, onların gəlirlərinin artırılmasına çalışdığını vurğulayıb: “Sahibkarların da dövlət dəstəyinə uyğun olaraq məcburi öhdəlikləri vaxtında yerinə yetirməsi vacibdir. Pandemiya da göstərdi ki, bu gün qeyri-rəsmi məşğulların sayı kifayət qədər çoxdur. Çoxlu sayda vətəndaşlarımız var ki, sahibkarlıq subyektləri onlarla əmək müqaviləsi bağlamırlar. Çox təəssüf ki, qeyri-leqal, yaxud gizli iqtisadiyyatda çalışaraq vergidən yayınan sahibkarlar var. Onlar bir tərəfdən vergidən yayınır, digər tərəfdən isə haqsız rəqabət yaradırlar. Bu da təbii ki, iqtisadi inkişafa mane olan amillərdən hesab olunur. Sahibkarların dövlət qarşısında fiskal və məcburi öhdəlikləri zamanında yerinə yetirməsi vacibdir”.

Millət vəkili pandemiyanın sahibkarların sosial məsuliyyətinin gücləndirilməsi məsələsini də gündəmə gətirdiyini vurğulayıb: “Bir tərəfdən, Prezidentin ötən müşavirələrdə qeyd etdiyi kimi sahibkarlıq subyektlərində korporativ idarəetmə formalaşmalıdır. Bu, şəffaflığın artması, səmərəliliyin yüksəlməsi, gizli iqtisadiyyatın leqallaşdırılması üçün çox vacibdir. Digər tərəfdən isə sahibkarların korporativ məsuliyyəti artmalıdır. Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya daxil olmaqla, həssas dönəmlərdə vətəndaşlara dövlətlə yanaşı sahibkarlar dəstək nümayiş etdirir. Korporativ sosial məsuliyyət sahibkarların vətəndaşları dəstəkləməsi və fərqli sosial layihələrin reallaşması baxımından çox vacibdir. O baxımdan dövlətin artan dəstəyi fonunda sahibkarların da korporativ məsuliyyətinin artması, ən əsası korporativ idarəetməni tətbiq etməsinə ehtiyac var. Beləliklə, daha şəffaf sahibkarlıq subyektləri formalaşsın, digər tərəfdən isə sahibkar dövlətlə yanaşı pandemiya dönəmi daxil olmaqla, həssas dönəmlərdə vətəndaşlara birbaşa yardım, dəstək nümayiş etdirsinlər”.

Ramiz Mikayıloğlu