• 17 Oktyabr 2021
logo
DADP adı tarixə qovuşdu - Əlisahib Hüseynov MHP sədri seçilib

DADP adı tarixə qovuşdu - Əlisahib Hüseynov MHP sədri seçilib

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) 6-cı Qurultayı keçirilib. Videokonfrans formatında keçirilən Qurultayda partiyanın adı dəyişdirilib və bundan sonra partiyanın Milli Həmrəylik Partiyası (MHP) adlandırılması barədə qərar qəbul edilib. Partiyaya 2013-cü ildən rəhbərlik edən Əlisahib Hüseynov yekdilliklə MHP-nin sədri seçilib.

MHP-dən Avrasiya.net-ə verilən məlumata görə, həmçinin Qurultayda partiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, partiyanın rəmzləri yenilənib, İdarə Heyəti, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və Siyasi Şura üzvləri seçilib.

MHP-nin sədri Əlisahib Hüseynov hesabat çıxışında ötən dövr ərzində görülən işlər barədə danışıb və eləcə də ölkədəki mövcud ictimai-siyasi vəziyyət, yeni siyasi konfiqurasiya, pandemiyaya qarşı mübarizə, Dağlıq Qarabağ problemi, Tovuz döyüşləri fonunda Türkiyə-Azərbaycanın müttəfiqlik münasibətlərinin daha da sıxlaşması kimi önəmli məsələlərə münasibət bildirib. Natiq həmçinin partiyanın qarşısında duran ümdə vəzifələrlə bağlı fikirlərini Qurultay iştirakçılarının diqqətinə çatdırıb.

Qurultayda Prezident İlham Əliyevə müraciət qəbul edilib və bütün sahələrdə islahatların, eləcə də kadr dəyişikliklərinin həyata keçirilməsi istiqamətində yürüdülən siyasətə görə ölkə başçısına dəstək ifadə edilib.

Sözügedən onlayn qurultay və eləcə də MHP-nin gələcək fəaliyyəti, hədəfləri barədə partiyanın Mətbuat xidmətinə danışan Əlisahib Hüseynov qurultayın pandemiya ilə əlaqədar olaraq onlayn formatda keçirildiyini bildirib:

“Bu Azərbaycanın siyasi partiyalar məkanında tamamilə yeni təcrübədir. Odur ki, qurultaya hazırlıq dövründə texniki-təşkilati xarakterli bəzi problemlərlə üzləşməyimiz labüd idi. Lakin partiyamızın IT qrupu bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı və qurultayımız uğurla başa çatdı”.
DADP adı tarixə qovuşdu - Əlisahib Hüseynov MHP sədri seçilib
MHP sədri təxminən 4 saat davam edən və 185 nəfər nümayəndənin iştirak etdiyi qurultayın kifayət qədər məhsuldar keçdiyini qeyd edib:

“Qurultayımız maraqlı müzakirələrlə yadda qaldı. Qurultay nümayəndələri həm partiyadaxili, həm də ölkə gündəmindəki məsələlərlə bağlı fikirlərini bölüşdülər. Mən qurultayımızın nəticələrindən razıyam”.

Partiya sədri bildirib ki, qarşıdakı bir həftə ərzində həm İdarə Heyətinin iclası keçiriləcək, həm də sənədlər hazırlanıb Ədliyyə Nazirliyinə təqdim ediləcək:

“Qarşıda bizi çox dinamik bir iş həftəsi gözləyir. Belə ki, ilk növbədə İdarə Heyətimizin iclasını keçirəcəyik. Həmçinin, həftə ərzində partiyada əsas vəzifələrə təyinatlar olacaq. Partiya sədrinin müavinləri, müşavirləri təyin olunacaq. Eləcə də Qurultayla bağlı sənədlərimizi qaydaya salıb Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Ə.Hüseynov MHP-nin bundan sonra da iqtidaryönümlü siyasət kursunu davam etdirəcəyini, eyni zamanda siyasi qüvvələr arasında dialoq tərəfdarı kimi çıxış edəcəyini bəyan edib:
DADP adı tarixə qovuşdu - Əlisahib Hüseynov MHP sədri seçilib
“Biz ənənəvi kursumuza sadiq qalacağıq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini dəstəkləməyə davam edəcəyik. Eyni zamanda biz həm cəmiyyətdə, həm də siyasi qütblər arasında barış, konsensus mövqeyindən çıxış edən partiyayıq. Biz konsruktiv müxalifətə normal yanaşırıq, radikal və dağıdıcı müxalifətçiliyi isə qəbul etmirik. MHP iqtidarla müxalifət arasında dialoqun və əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın tərəqqisi və gələcək taleyi siyasi qüvvələrin dialoqundan və vətəndaş həmrəyliyindən, milli həmrəylikdən asılıdır. Qarabağ probleminin həlli yolu da məhz milli həmrəylikdən keçir. Ümumi düşmənə qarşı mübarizədə bir olmalıyıq, həmrəylik göstərməliyik. Biz var gücümüzlə ölkədə həmrəylik mühitinin formalaşmasına çalışacağıq. Həmrəylik ölkədəki istənilən problemin həlli üçün və Azərbaycanımızı inkişafa doğru aparmaq üçün ən səmərəli və etibarlı siyasi vasitədir. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən, cəmiyyəti parçalamağa çalışan qüvvələrə, ölkəmizin maraq və mənafelərinə zidd çıxan "beşinci kolon"çulara qarşı həmişə ayıq-sayıq olmalı, birgə mübarizə aparmalıyıq”.