• 26 Yanvar 2021
logo
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı: "Dəniz kuboku" müsabiqəsi Xəzərdə sülhün möhkəmləndirilməsinə xidmət edir"

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı: "Dəniz kuboku" müsabiqəsi Xəzərdə sülhün möhkəmləndirilməsinə xidmət edir"

"Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı razılaşmaya əsasən, artıq 4 ildir ki, "Dəniz kuboku" müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir".

Bunu bu gün keçirilən mətbuat konfransında Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar İran və Qazaxıstan dəniz qüvvələri yarışda iştirak etməsələr də, Azərbaycan və Rusiya dəniz qüvvələri müsabiqənin keçirilməsinə qərar verib: "Müsabiqə 6 mərhələdən ibarətdir. Bunlar dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarşı artilleriya atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi, dəniz vərdişləridir".

S. Bəkirov deyib ki, müsabiqədə Rusiyanın Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" kiçik artilleriya gəmisi, Azərbaycanın isə "G-122" gözətçi gəmisi iştirak edəcək: "Müsabiqənin keçirilməsi Xəzər dənizində sülhün möhkəmləndirilməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir".