• 19 Aprel 2024
logo
“Heç bir akademikin statusu qanundan üstün ola bilməz!”

“Heç bir akademikin statusu qanundan üstün ola bilməz!”

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Qanundan kənar çıxanlar isə kimliyindən aslı olmayaraq, həm hüququ, həm də mənəvi məsuliyyət daşıyırlar. Bu baxımdan, qanunu pozanlar çox ciddi şəkildə qınanmalı, qanunun aliliyinin təmin edilməsi tələb olunmalıdır!

“Xalq cəbhəsi.az” saytına açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı belə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyevin koronavirusla mübarizədə apardığı uğurlu mübarizəyə kimsə gölgə sala bilməz: “Bu günə qədər Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tətbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Və biz bunun hər gün şahidi oluruq”.
Niyaməddin Orduxanlının sözlərinə görə, bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb: “İki gündür sosial şəbəklərdə qanunu pozan bu şəxslərə haqlı olaraq etiraz edilir və onların qanunu pozduğuna dair statuslar yazılır. Azərbaycan Prezident cənab İlham Əliyev ölkədə qanunun aliliyini hər zaman üstün tutub. Prezident qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir.
Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir. Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaqdır”.

Politoloqun dediyinə görə, koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz: “Kimsə qanundan üstün ola bilməz və bu yolverilməzdir. Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar. Heç bir akademikik statusu qanundan üstün ola bilməz!”