• 22 Oktyabr 2021
logo
“Elçibəy xeyirxah və dürüst bir adam idi”

“Elçibəy xeyirxah və dürüst bir adam idi”

Qüdrət Həsənquliyev: “Əbülfəz bəy mənim yaddaşımda dövlət adamından daha çox türk birliyi, Bütöv Azərbaycan üçün çalışan bir ideya adamı, sadə və təvazökar insan kimi qalıb”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Əbülfəz Elçibəyin vəfatının 20-ci ili ilə bağlı BAXCP Mətbuat xidmətinin sorğusunu cavablandırıb.
Əbülfəz Elçibəyə Allahdan rəhmət diləyən Qüdrət Həsənquliyev bildirib ki, hər bir insan kimi onun da zəif cəhətləri yox deyildi, amma O, müsbət xarakterizə olunan insana məxsus əsas keyfiyyətlərə malik, xeyirxah və dürüst bir adam idi: “Milli mentalitetimizdən doğan Azərbaycan kişisinə xas olan bütün dəyərlərə sahib idi.
Elçibəy mənim yaddaşımda dövlət adamından daha çox türk birliyi, Bütöv Azərbaycan üçün çalışan bir ideya adamı, sadə və təvazökar insan kimi qalıb. Ona prezident olaraq Azərbaycanda demokratik, hüquqi dövlət, mülki cəmiyyət quruculuğu istiqamətində islahatlar həyata keçirib arzularını gerçəkləşdirməyə imkan vermədilər. Elçibəy xarici və daxili siyasətdə buraxılan kobud səhvlər səbəbindən hakimiyyətini qoruyub Qarabağı işğaldan azad edə, ölkəmizi böyük fəlakətlərdən qoruya bilmədi. Bütün bunlara baxmayaraq milli ideyalarına, insanlara olan sevgisinə və dövlət adamı kimi təmizliyinə görə xalqımızın böyük əksəriyyəti tərəfindən Elçibəy bu gün böyük hörmətlə yad edilir. Əminəm ki, zamanla bu Böyük insanın bütün arzuları gerçəkliyə çevriləcək və bu zaman onun ruhu şad olacaqdır”.