• 19 Oktyabr 2021
logo
Deputat: Paşinyan bir daha göstərdi ki, o bir siyasətçi kimi çox geridə qalıb

Deputat: Paşinyan bir daha göstərdi ki, o bir siyasətçi kimi çox geridə qalıb

Ermənistanın baş naziri Nikol Paşinyan BBC-nin “HARD Talk” proqramına verdiyi müsahibə zamanı bir daha siyasi səriştəsizlik və savadsızlıq nümayiş etdirərək özünü beynəlxalq ictimaiyyət qarşısında gülünc vəziyyətə qoydu. Bunu Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat qeyd edib ki, Paşinyan bir daha göstərdi ki, o bir siyasətçi kimi çox geridə qalıb, tarixdən bixəbərdir və hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aydın təsəvvürə malik deyil:

“Müsahibə edən jurnalist Stiven Sakur da Paşinyanın yalan danışdığını görərək hər dəfə onun sözünü kəsmək məcburiyyətində qalırdı.

Paşinyanın guya Ermənistan sülh tərəfdarıdır fikri ilə bağlı aparıcı əməlin sözdən daha üstün olduğunu qeyd edərək iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində Azərbaycan kəndlərini atəşə tutduqlarını və mülki əhalini qətlə yetirdiklərini Paşinyanın diqqətinə çatdırdı və onun siyasətinin sülhə nail olmaq məqsədi daşımadığını vurğuladı.

Lakin Paşinyan suala cavabdan yayınaraq sərsəm və qeyri-aydın fikirlər söyləməyə başladı. Aparıcı Paşinyanın yenə yalan danışdığını görərək növbəti dəfə onun sözünü kəsdi və sualını bir az da konkretləşdirərək Paşinyanın əvvəllər də gərginliyi artıran təxribatçı addımlar atdığını vurğuladı. Jurnalist bildirdi: “Aydın olan odur ki, siz buna qədər vəziyyəti gərginləşdirən bir sıra təxribat xarakterli addımlar atmısınız. Məsələn, niyə ötən ilin avqustunda siz Stepanakertə (Xankəndi -red.) səfər edib çıxışınızda "Artsax Ermənistandır" demisiniz? Bu, açıq aşkar Azərbaycana qarşı təxribat idi.

Paşinyan yenə də sərsəmləməyə başladı, tarixi təhrif etməyə cəhd edərək Qarabağın guya Ermənistana məxsus olan tarixi ərazi olmasını iddia etməyə çalışdı, lakin aparıcı yenə də Paşinyanın yalan danışdığını görərək onun sözünü kəsdi və məsələnin bu günün reallıqları əsasında müzakirə edilməsini təklif etdi. Aparıcı qeyd etdi ki, "BMT Baş Assambleyasının münaqişə ilə bağlı 4 qətnaməsi, hansı ki, işğal olunmuş Azərbaycan torpaqlarından bütün Ermənistan hərbi qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir, siz bu tələbləri pozmusunuz. Beynəlxalq hüquqa görə sizin qüvvələr işğal həyata keçirir və siz ora gedib bu ərazilərin sizə aid olduğunu elan edirsiniz. Aydındır ki, siz sülh qurucusu deyilsiniz”.

Aparıcı həmçinin Erməinstanın Dağlıq Qarabağa yol çəkmək istəyini də Paşinyanın diqqətinə çatdıraraq Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentarilərin rəyinə əsasən, bunun beynəlxalq hüquqa zidd olduğunu və Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini vurğuladı. Paşinyan növbədi dəfə yalan danımağa başladı və aparıcı yenə də onun sözünü kəsərək “səmimi danışsaq sizin Dağlıq Qarabağla bağlı apardığınız siyasətdə sülh elementləri yoxdur” söylədi.

Aparıcı həmçinin Erməistan silahlı qüvvələrinin Azərbaycana qarşı insan haqlarını pozaraq hərbi cinayətlər törətdiyini söyləyərək, onları bu cinayətləri etiraf edərək, üzr istəməyə dəvət etdi. Paşinyan yenə də qeyri-aydın fikirlər söylədi, ancaq Paşinyan “hər bir müharibə faciələr zənciridir” ifadəsi işlətməklə əslində erməni hərbçilərinin cinayətlərini etiraf etmiş oldu”.

A.Həsənova bildirib ki, bu, Paşinyanın gülünc və aciz vəziyyətə düşdüyü ilk hal deyil: “Biz Paşinyanın bu vəziyyətə düşməsinin Münhen Təhlükəsizlik Konfransı zamanı cənab Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq. Həmçinin "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyası zamanı da cənab Prezident İlham Əliyev Paşinyanı aciz durumda qoymuşdu. Lakin Paşinyan əvvəlki fiaskodan dərs çıxarmaq əvəzinə yenə öz uydurmaları, savadsızlığı və səriştəsizliyi ilə özünü gülünc və aciz duruma salmaqla uğursuz cəhdlər etməklə məşğuldur”.