• 23 Aprel 2024
logo
"Bu adam niyə ölmür?"

"Bu adam niyə ölmür?"

Yaxşı xatırlayıram, təxminən 17-18 il öncə Vüsalə Mahirqızı ilə söhbətlərimizdə hər addımında özünü urvatdan salan, düşük, bambılı adamlara münasibətdə düşünmədən, tərəddüd etmədən dilə gətirdiyimiz bir sual vardı: “Bu adam niyə ölmür?”
İndi eyni sualı Ermənistanın Baş naziri Paşinyanın ardı-arası kəsilməyən rüsvayçılıqlarından sonra, bəzən başqalarını da təəccübləndirəcək qədər yüksək səslə deyirəm: “Bu adam niyə ölmür, görəsən?” Burada sonuncu “görəsən” sözü gücləndirici funksiyasını yerinə yetirir və bunu, ancaq Ermənistanın Baş naziri ilə bağlı reaksiyalarımda istifadə edirəm. Çünki Paşinyana münasibətdə dörd kəlməlik “Bu adam niyə ölmür” sualı yetərli olmur...
Amma etiraf edim ki, Nikolun BBC-nin “HARDtalk” verilişindəki rüsvayçılığını izlədikdə, heç klassik sualımıza “görəsən” əlavəsi də yetərli olmadı. Həmin anda nə dediyimi indi xatırlamıram. Hətta xatırlasam belə, son nəticədə yaza bilməyəcəyim üçün üzərindən keçməyi daha məqsədəuyğun hesab edirəm.
Paşinyanın növbəti rüsvayçılığına gəldikdə isə, düşünürəm bütün sahələrdə diletant olan bu şəxsdən ciddi heş bir şey gözləməyə dəyməz. Bu adamın dediklərini təhlil etmək, sözlərinin alt qatında hansısa siyasi rəng, çalar axtarmaq boşuna vaxt sərf etmək deməkdir. Əslində Nikol erməni cəmiyyətinin, daha dəqiq desək diaspor da daxil olmaqla, çoxluğun tipik obrazıdır. Erməni təfəkkürünün, əxlaqının, məişətinin bir əsrdən çox zaman kəsiyində formalaşdırıb ortaya çıxardığı siyasətçi tipidir Paşinyan. O, ermənilərə onların son 200 ildə, toplum olaraq özünüifadə və natamamlıq komplekslərindən qaynaqlanan, eşitmək istədiklərini müxtəlif “konsepsiya” və “proqramlara” calaq edərək verməklə, özü də bilmədən düşdüyü “zibil”dən çıxmağa çalışır. Amma hər cəhdində durumunu daha da ağırlaşıdır.
Baxın, bir ölkənin təhlükəsizlik “konsepsiya”sında, iqtisadi “proqram”larında belə tarixdə mövcud olmayan mifik erməni dövlətlərindən, “dənizdən-dənizə Ermənistan” xülyasından, “Böyük Tiqran”dan söz açılır, amma real olaraq həyata keçirilməsi vacib olan məsələlər haqqında heç bir söz deyilmir. Əksər erməni siyasətçiləri kimi Paşinyan da öz xalqını yox, ermənilərin son 200, bəlkə də daha çox bir zaman kəsiyində başqalarına nifrət üzərində formalaşdırılmış eqosunu yemləyir. Dünya isə dəyişir, reallıqlar və onların doğurduğu suallar da həmçinin... Ermənilər və erməniliyin tipik obrazı olan Paşinyan tarixin qaranlıqlarından hansısa mərhələdə saxtalaşdırdıqları “fakt”ları nümunə gətirir, uzun illərdəndən bəri həqiqiliyinə özlərinin belə zorla inandıqları iddialarını çeşidli yalanlarla kombinə edərək dünyaya sırımağı bacarır. Amma ən adi, praktik suallar qarşısında belə acizlik nümayiş etdirirlər. BBC-nin “HARDtalk” verilişində olduğu kimi... Verilişi təkrar-təkrar izlədim. Stefen Sakurun bütün sualları Ermənistandakı real vəziyyəti ifadə edən və istənilən peşəkar jurnalistin verə biləcəyi adi suallar idi. Paşinyan isə bu sualların qarşısında aciz qalmışdı.
Sakurun yüksək peşəkarlığı isə özünü,əsasən bir məqamda daha qabarıq şəkildə büruzə verdi: O, Paşinyanın əlindən erməniliyin tarixin qaranlıqlarında eşələnərək ənənəvi yalanlarını başqa xalqlara məxsus real tarixi faktlara kombinə etmək və bununla da real suallardan yayınmaq “məharətini” ustalıqla aldı.
İqtibas: “Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz”.
Zənnimcə, bu məqam ermənilərlə informasiya müharibəsində bizim üçün də keçərlidir. Tarix önəmlidir, amma müasir dövrdə insanlar göz önündə olanlara, daha dəqiq desək gözlə görülə biləcək faktlara daha çox inanırlar. Məhz bu baxımdan da, Ermənistanı və erməniliyi bu günün reallıqları çərçivəsində fakt qarşısında qoymaq lazımdır. Digər məqamlar isə prosesdə, sadəcə köməkçi, yaxud yazının əvvəlində söz açdığım “Bu adam niyə ölmür” sualına “görəsən” əlavəsi kimi iştirak etməlidir…

Elçin Mirzəbəyli