• 25 Aprel 2024
logo
İşğalçı ölkəyə silah satmaq onu dəstəkləmək deməkdir!

İşğalçı ölkəyə silah satmaq onu dəstəkləmək deməkdir!

Ermənistanın bugünkü rəhbərliyi davamlı avantürist çıxışları ilə nəinki regionda problemin sülh yolu ilə həllinə yönəlib, əksinə vəziyəti daha da çətinləşdirir. Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir.
Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır.
Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.
Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə, Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çoxlu sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.
Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və narahatlığa səbəb oldu. Başqa cür ola da bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı.
Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf hissi doğurduğu bildirildi.
Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic isə bildirdi ki, Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana gəldi və jurnalistlərlə söhbətində səfər və görüşlər vasitəsilə daha yüksək səviyyəli əməkdaşlığa nail olunacağına əminliyini vurğuladı. Serbiya Baş nazirinin müavini qeyd etdi ki, bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
Şübhəsiz ki, bütün bunlar, Serbiyanın Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini, ölkələrimiz arasındakı münasibətlərin pozulmasına xidmət edən bütün məqamlara həssaslıqla yanaşdığını nümayiş etdirir və ölkəmizin beynəlxalq müstəvidəki nüfuzundan xəbər verir.

Pənah İmanov
Xətai rayon İcra Hakimiyyəti
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri