• 19 Mart 2024
logo
Ceyhun Bayramov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Ceyhun Bayramov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Cuniçi Vadanı qəbul edib.

XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfir Cuniçi Vada etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Cuniçi Vadanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub. Xüsusilə siyasi, iqtisadi, mədəni, turizm, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiya səfirinə məlum verərək, bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı sərgilədiyi mövqe haqqında qarşı tərəfə məlumat verilib.

Səfir Cuniçi Vada Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.