• 19 Mart 2024
logo
İsrail və BƏƏ səfirlikləri ölkələr arasında diplomatik əlaqələrin qurulması ilə bağlı açıqlama yayıb

İsrail və BƏƏ səfirlikləri ölkələr arasında diplomatik əlaqələrin qurulması ilə bağlı açıqlama yayıb

"İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanacaq tarixi saziş, regionda təhlükəsizlik və sabitliyin inkişafına xidmət edəcək vacib və əhəmiyyətli bir mərhələdir".

Bu barədə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

"İsrail və BƏƏ tam diplomatik münasibətlər qurmaq niyyətlərini bəyan etdilər. Bir neçə həftədən sonra Vaşinqtonda iki ölkə arasında sülh müqaviləsi imzalanacaq. Bu tarixi saziş, regionda təhlükəsizlik və sabitliyin inkişafına xidmət edəcək vacib və əhəmiyyətli bir mərhələdir", - deyə səfirliyin açıqlamasında qeyd olunub.

Bildirilib ki, gələcək nəsillər üçün sülh və rifah təmin edəcək bu razılaşma digər ərəb ölkələri ilə də gələcək sazişlərin imzalanmasına xidmət edəcək bir fürsətdir: "Bu razılaşma ilə İsrail və BƏƏ öz vətəndaşlarının rifahına üstünlük vermiş və keçmiş fikir ayrılıqlarını həll etmək barədə öhdəlik götürmüşlər. İmzalanacaq sülh sazişində hər iki ölkənin qarşılıqlı səfirliklərinin - Abu-Dabidə İsrail səfirliyinin, İsraildə isə BƏƏ səfirliyinin açılması nəzərdə tutulub. Bu addımın daha çox müsəlman ölkələrinin İsraildə səfirlik açmasına səbəb olacaq bir irəliləyiş olacağına ümid edirik. İki ölkə iqtisadiyyat, tibb, elm, texnologiya, mədəniyyət və turizm də daxil olmaqla bir sıra sahələrdə əlaqələrini daha da inkişaf etdirəcək".

BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən məlumatda bu razılaşmanın Yaxın Şərq regionunda sülhü inkişaf etdirəcək tarixi diplomatik irəliləyiş olduğu qeyd olunub: "Bu razılaşma BƏƏ və İsrailin bölgədəki böyük potensialı açmaq üçün yeni bir yol çəkməklə bağlı cəsarətinin ifadəsidir. Hər üç ölkə - ABŞ, İsrail və BƏƏ bir çox ümumi problemlə üzləşir və bu tarixi nailiyyətdən qarşılıqlı şəkildə faydalanacaqlar.

Yaxın Şərqin ən dinamik cəmiyyətləri və inkişaf etmiş iqtisadiyyatları arasında birbaşa əlaqələrin açılması iqtisadi böyüməni sürətləndirəcək, texnoloji yenilənməni inkişaf etdirəcək və insanlar arasındakı münasibətləri yaxınlaşdıraraq bölgəni dəyişdirəcək. Bu münasibətlərin normallaşdırılması və sülh diplomatiyası bacarıqlı regional tərəfdaşları bir araya gətirəcək. Eyni zamanda, İsrail və BƏƏ bölgədəki təhdidlər və imkanlar, habelə diplomatik münasibətlər vasitəsilə regionda sabitliyi təşviq etməklə bağlı bərabər öhdəlik, iqtisadi inteqrasiya ilə bağlı məsələlərdə oxşar mövqeyi bölüşürlər. Bu razılaşma BƏƏ, İsrail və bölgə xalqlarının həyatının daha yaxşılaşmasına səbəb olacaq".