• 19 Mart 2024
logo
“Həmsədr ölkələr uzun müddətdir ki, birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər”

“Həmsədr ölkələr uzun müddətdir ki, birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər”

İlyas Hüseynov: “Buna görə də Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir”

“Prezidenti cənab İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, “lakin qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması böyük təəssüf doğurur”, - deyə bildirib: “Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olması faktı Azərbaycan və Rusiya arasında mehriban qonşuluq münasibətlərini kölgə altında qoyur.
Qeyd etmək lazımdır ki, Rusiyanın Ermənistanda 102-ci hərbi bazasının mövcudluğu münaqişənin həll edilməsində əsas təhdid kimi qiymətləndirilir. ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın Ermənistana gizli yollarla silah ötürməsi Cənubi Qafqazda sülhün və sabitliyin pozulmasına yol açır.
Yaxın tarixə nəzər salanda görürük ki, 1990-cı illərin ortalarından başlayaraq Rusiyan Ermənistanı silahlandırmaqda davam edir. 1997-ci il aprelin 2-də Dövlət Dumasının qapalı iclasında general-mayor Lev Yakovleviç RoxlininCənubi Qafqazdakı vəziyyətlə bağlı ifşa xarakterli çıxışından sonra həyata keçirilmiş araşdırma və istintaq bir sıra gizli məsələlərin üstünü açdı. General Lev Roxlin həmin vaxt Azərbaycanın uzun illər təkidlə bildirdiyi fikri açıq şəkildə təkrarlayırdı - Rusiya münaqişə tərəflərindən birini silahlandırır və bununla da Cənubi Qafqazda daha da güclü alovlanmaya səbəb olur. Həmin dövrdə Ermənistana texnika, silah və sursatın qəbulu və təhvil verilməsini Ermənistan Respublikası Müdafiə nazirinin xarici hərbi əlaqələr üzrə keçmiş müavini general-mayor Stepanyan həyata keçirirdi. Rohlin Dövlət Dumasına hesabat verərkən bildirdiyi məlumata görə, Rusiyanın Ermənistana silah tədarükü nəticəsində maddi itki 1 milyard dollara yaxın təşkil edib. O müəyyən etmişdi ki, Ermənistanasilahlar zavod yağlanmasından yeniçıxmış göndərildiyi halda sənədlərə görə, hər şey dəmir-dümür qiyməti ilə silinir.Bu barədə AleksandrVolkovun “Lev Roxlin. Bir qətlin tarixi” kitabında da qeyd olunub”.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti Rusiyanın Ermənistana silah tədarükü sayının artmasından narahatlığı barədə dəfələrlə Moskvaya məlumat versə də, Rusiyanın yüksək dövlət və hərbi rəhbərləri buna təəccüblü şəkildə laqeyd münasibət göstərirdilər: “Armyanqeyt” işindən uzun illər keçsə də tarix yenə də təkrarlanır, mənzərə isə dəyişmir – Rusiya Ermənistanı silahlandırır. Rusiyanın Ermənistanı silahlandırmasının davam etməsi isə işğalçı ölkəyə dəstək kimi ifadə olunur. Qeyd edək ki, silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Rusiyanın Ermənistanı silahlandırması mövcud status-kvonun saxlanmasına və möhkəmlənməsinə xidmət edir.
Acınacaqlı və aciz durumda olan Ermənistan ardıcıl zərbələr alır, daxili ictimai-siyasi vəziyyət gərgin durumdadır. 2020-ci ilin iyulunda Tovuz döyüşlərində Ermənistanın aldığı dəqiq sarsıdıcı zərbələr hər birimizin gözü qarşısında baş verdi. Buna görə də silahlar Ermənistana pulsuz verilir.
Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük səkkizliyin” İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə ziddir.
Ümumiyyətlə ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir. Həmsədr ölkələr uzun müddətdir ki, birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT-in Minsk Qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalıdır. ATƏT Minsk Qrupunda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir”.

Əli Zülfüqaroğlu