• 20 Aprel 2024
logo
“Rəis, bu dəfə də alınmadı”...

“Rəis, bu dəfə də alınmadı”...

Yaxud Sorosun rənglərinə sığınanların əndişəsi

Dünyanın hər hansı bir ölkəsində, xüsusilə də xaricdən idxal olunan rəngli inqilablara dirəniş göstərən dövlətlərin ərazisində qarşıdurmalarla müşayiət olunan, ana məqsədi cəmiyyəti xaosa sürükləməkdən ibarət olan aksiyalar keçiriləndə Azərbaycandakı bəzi marginal qruplar və onların xaricdəki tör-töküntülərinin, avantüristlərin, xaos və özbaşınalıq tərəfdarlarının çiçəyi çırtlamağa başlayır. Və dərhal həmin ölkələrdə baş verən hadisələrlin gedişatına uyğun olaraq, Azərbaycanla paralellər və müqayisələr aparılır, fantastik ssenarilər “işə düşür”, baş rol ifaçılarının emosiyaları ən yüksək həddə çatır, gözləri hədəqədən çıxır və təxəyyüllərində canlandırdıqları ilğım perspektivlərin ekstazını yaşayırlar.

Bu dəfə də, indiki halda Belarusda keşirilən seçkilərdən sonra işə düşən və iflasa uğramaqda olan növbəti rəngli inqilab ssenarisindən sonra, siyasi perspektivlərini, “xoşbəxtliklərini” özgə qapılarında axtaran kəslərin gözləri təxminən 2800 kilometrlik bir məsafədən ölkəmizə soroskimilərin arzularından inqilab yolu çəkməyə başladı və aşırı, bəzən isə şizofrenik həddi belə ötüb keçən fantastik öncəgörmələr, yuxuyozmalar sosial şəbəkələri başına götürdü...

Nədən ibarətdir bu öncəgörmələr və hansı faktoloji araşdırmalara, arqumentlərə əsaslanır?

Diqqət yetirək:
Məsələn, son 30 il ərzində haldan-hala, dondan-dona, dindən-dinə düşən biri iddia edir ki, Belarus hadisələri insanların seçkilərə çağrılmasının, kütləviliyin təmin olunmasının vacibliyini nümayiş etdirib. Çox əcəb, çox pakizə... Bəs sonra? Ay adam, sözünün “Mustafası” nədir? Əgər hesab edirsənsə ki, Azərbaycanda da seçkilərdə və seçkilərdən sonra kütləvilik təşkil olunsaydı, o zaman ölkəni xaosa sürükləmək istəyənlər “Soros baba”nın sınağından üzüağ çıxa bilərdilər, yanılırsan. Çünki Azərbaycanda radikal düşüncə, avantürist davranış, hakimiyyətə yolu xaosdan, qarşıdurmadan, dövlətin paramparça olmasından, siyasi sistemin çökdürülməsindən keçən siyasi xətt qəbul olunmur və dəstəklənmir.

Azərbaycanda son 27 il ərzində 6 prezident və bir o qədər də parlament, həmçinin bələdiyyə seçkisi keçirilib. Bu seçkilərin hər birində, xüsisilə də dağıdıcı “rəngli inqilab” mexanizmlərinin işə salındığı son 20 il ərzində hakimiyyətə küçədən gəlmək istəyən xaos tərəfdarlarının çoxsaylı cəhdlərinin şahidi olmuşuq. Hər dəfə bir rəngə bürünüblər, “Maydan”larda (meydan) madyan kimi şahə qalxacaqlarını düşünüblər, bozun, mavinin, narıncının, bənövşəyinin, yaşılın... ən müxtəlif çalarlarında köynəklər geyinib poz veriblər və... sivişib çıxıblar aradan...

Çünki xalq dəstək verməyib, ölkənin fitrətən dağıdıcı olan, qeyri-sabit düşüncəli və mövqeli, dəyişkən, sürüşkən, öz prinsiplərinə, ideyalarına dönük çıxanların əlinə keçməsini, əldə olunan bütün nailiyyətlərin bir göz qırpımında məhv edilməsini, Azərbaycanın xaosun, ekstrimizmin, separatizmin, cəhalətin caynağına tərk edilməsini arzulamayıb. Əgər bütün bu zaman ərzində ən yaxşı halda keçirdiyiniz aksiyalara 5 min nəfəri aldadıb cəlb edə bilmisinizsə, bu o deməkdir ki, sizin potensialınız yalnız bu qədər adamı inandırmağa yetib. Amma həmin o 5 min nəfərin bir hissəsini də bu aksiyaların birbaşa məqsədinə heç bir aidiyyatı olmayan adamların, digər hissəsini isə siyasi proseslərin aktiv iştirakçılarının, yəni nəticədən pay umanların təşkil etdiyi kimsəyə sirr deyil. Bu isə o deməkdir ki, Azərbaycan xalqı tükü tükdən seçməyi bacarır, siyasi prosesləri uzun illərdən bəri rəngini dəyişməkdən başqa bir iş bacarmayanlardan daha yaxşı, daha dəqiq təhlil edir və nəticə çıxarır.

Bu arada bir mühüm məqama diqqət çəkməyi vacib hesab edirəm: Bu adamların ən böyük problemi ondan ibarətdir ki, illərdən bəri bütün qütblərdən onlara ötürülən tezislər əsasında hakimiyyəti də, xalqı da suçlayıblar, ən kəskin iddialarla, suallarla çıxış ediblər. Lakin bu müddət ərzində özlərinə ən önəmli və ən sadə bir sualı verməyi ağıllarından belə keçirməyiblər. “Xalq nə istəyir?”, “Xalq nə üçün bizə dəstək vermir?” suallarına cavab tapmaqdan, buna heç olmasa cəhd etməkdən qorxublar, yaxud çəkiniblər. Çünku bu sualların cavabları açıq-aşkar ortalıqdadır və təbii ki, bu adamlar öz korparativ maraqları ilə bağlı olduğu üçün anlaya bilirlər ki, gerçək cavabları etiraf etsələr, siyasətdən getməlidirlər. Xalq xaosu, qarşıdurmanı, ölkəni onillərlə geriyə ata biləcək inqilabları dəstəkləmir. Xalq sabitliyin pozulmasını, dövlətçiliyimizin əsaslarının laxladılmasını, pusqudakı düşmənlərin bundan yararlanaraq vətənimizə sahiblənmələrini istəmir. Azərbaycan xalqı onu narahat edən bütün problemlərin həllini yuxarıdan aşağıya doğru həyata keçirilən islahatlarda görür.
Belarusda baş verənlərin müxtəlif maraqlı dairələr, onların media və sosial şəbəkələrdəki əl uşaqları tərəfindən kəsilib biçilmiş, emosional notlarla yüklənmiş görüntülərinin təsiri altında eyforiyaya qapılan başqa birisi isə hesab edir ki, “ən qısa zamanda Azərbaycanda siyasi partiyalar, vətəndaş cəmiyyəti təmsilçiləri, ziyalılar arasından demokratik dəyərləri əsas götürənlər Belarus xalqına dəstək bəyanatı imzalamalıdırlar”.

Azərbaycandakı siyasi partiyalar, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ziyalılar bu yaxınlarda bəyanat imzalayıblar. Bu bəyanat isə Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhədində hərbi təxribata əl atan işğalçı Ermənistana qarşı ölkə Prezidentinin – Ali Baş Komandanın atacağı bütün addımların dəstəklənməsindən ibarət olub. Digər tərəfdən, şəxsən mənim üçün də çox maraqlıdır, görəsən bəziləri “demokratik dəyərlər” deyəndə nələri nəzərdə tuturlar? Axı Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində həyata keçirilən bütün rəngli inqilabların təməl ideyası, ana xətti “demokratik dəyərlərin təşəkkülünə nail olmaqdan” ibarət idi. İraqda, Liviyada, Suriyada, Misirdə kütləvi ixtişaşlar, qarşıdurmalar körüklənəndə ssenari sahiblərinin məqsədi bu ölkələrin xalqlarına daha yaxşı, firavan, təhlükəsiz həyat bəxş etməkdən, yaxud elə “demokratik dəyərlər”lə mükafatlandırmaqdan ibarət olub? Bəlkə bu ssenarilərin nəticəsində ortalığa çıxan İŞİD və digər bu kimi terror təşkilatları minlərlə günahsız insanın ölümünə səbəb olan partlayıcı qurğularının içərisinə “demokratik dəyərlər”dən ibarət xüsusi maddə əlavə edirmişlər? Yaxud kəndləri, şəhərləri viran qoyan bombalar, raketlər ölüm yox, “demokratik dəyərlər” saçırmış, xəbərimiz olmayıb?

Bəlkə geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün ölkələri viran qoyan soroskimilərin qanlı ssenarilərini dinməz-söyləməz icra etməkdən, öz dövlətini, xalqını ayaqlar altına atmaqdan ibarətdir “demokratik dəyərlər”?

Məgər nəinki siyasi təcrübəsi, hətta adi iş təcrübəsi belə olmayan, evinin kandarından birbaşa prezident seçkilərinə atılan hansısa Tixanovskayanın kimlər tərəfindən idarə olunduğunu anlamaq bir o qədər çətindir? Əgər həyat yoldaşı “yoxa çıxan” evdar qadının baş rol aldığı ssenaridə seçimin kütlələrə emosional təsir göstərmək, məqsədin “fədakar, mübariz qadın” obrazının arxasından Belarusu xaosa sürükləmək olduğunu görə bilmirsinizsə, o zaman gedin... bacardığınız işlə məşğul olun! Ya da Sorosa bəhs etdiyiniz “siyasi partiya”lar, “vətəndaş cəmiyyəti təmsilçiləri”, “ziyalılar”la birlikdə başsağlığı məktubu göndərin. Yazın ki, “rəis, bu dəfə də alınmadı”...

Bir məqama da diqqət çəkim, bitirim bu yazını. Deməli, “Sorosun uşağı” olduğu illər öncə, həm də faktlarla təsdiqlənmiş birisi hesab edir ki, “Belarusda baş verən hadisələrin Azərbaycanda da təkrarlanması an məsələsidir, bu təcrübələri öyrənmək, buna hazır olmaq lazımdır”. Daha öncə də qeyd etdiyim kimi, müxalifətin “beşinci kolon” funksiyasını yerinə yetirən kəsiyi 2000-ci illərin əvvəllərindən başlayan rəngli inqilabların təcrübəsini öyrənməklə məşğuldur. Bu müddət ərzində nə qədər köynək dəyişiblər, nə qədər gül taxıblar... yaxalarına. Amma nəticə müxtəlif rənglərdə köynək geyinməkdən, müxtəlif növ gül taxmaqdan o yana keçməyib və keçməyəcək də...

Xalq öz ideyası, proqramı, dəst-xətti olmayan, fəaliyyətini yalnız virtual məkanda siyasi demaqogiya üzərində quran, xaricdə gedən prosesləri təqlid etmək, eynilə “kopyalayıb” tətbiq etməyə çalışmaq üzərində quranlardan artlq çoxdan heç nə gözləmir və istəmir.

Bu baxımdan, yaxşı olar ki, elə birdəfəlik Sorosun rənglərindən, yəni 6 rəngdən ibarət bir köynək hazırlasınlar, hər dəfə yeniləməyə ehtiyac qalmasın. Gül seçimini isə onların öz öhdəsinə buraxıram... Necə olsa, gerçək demokratik dəyərlərə sayğım var...

Elçin Mirzəbəyli