• 24 Sentyabr 2020
logo
Azərbaycan diasporu İsveç: real vəziyyət və perspektivlər

Azərbaycan diasporu İsveç: real vəziyyət və perspektivlər

Dünyanın əksər ölkələrində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Azərbaycan diasporunu hər bir ölkə üzrə ayrıca araşdırdıqda daha maraqlı mənzərə ortaya çıxır. Bu dəfə məşhur Skandinaviya ölkəsi-İsveçdə fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətini araşdırmağa çalışdıq.
Qeyd edək ki, Skandinaviya ölkələri, o cümlədən isveçlilərlə türklər arasında tarixi bağlılığın olduğunu düşünən tarixçilər az deyil. Bu da Azərbaycan cəmiyyəti üçün bu ölkə ilə bağlı daha maraqlı təəssürat yaradır.
İsveç tarixçisi Sven Laqerbrinq (1707-1787) “İsveç və türk dilləri arasında bənzərliklər” adlı kitabında isveç və türk dilləri arasındakı oxşarlıqlardan bəhs edib. O, isveçlilərin türk mənşəli olduqlarını iddia edərək, 200-ə qədər türk sözünün isveç dilində istifadə edildiyini göstərib.
İsveç dünyada ədəbiyyatı ilə də məşhurdur. Dünya uşaq ədəbiyyatının məşhur simalarından olan İsveç yazıçısı Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri paytaxt Stokholmu azrbaycanlı uşaqlar üçün doğmalaşdırıb və yaddaşlara nağıllar aləmi kimi həkk edib.
Stokholmda olmaq və Karlsonun yaşadığı damı görmək arzusu dünyanın əksər ölkələrində olduğu kimi, bizim də uşaqlıq illərimizin şirin xatirələri olaraq qalır.
Ərazisi 450,295 km2 olan İsveç Krallığının əhalisi 10 milyon 150 min nəfərdən çoxdur.
Qeyri-rəsmi məlumata görə, bu ölkədə yaşayan azərbaycanlıların sayı 40 000 nəfərdir. İsveç Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvar ayının 16-da tanıyıb, ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin may ayının 8-də qurulub.
İsveçdə 14 aktiv Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir.
İsveçin Yönköpinq Regional Parlamentinin deputatı, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şuralarının İsveç üzrə əlaqələndiricisi İradə Əliyeva Söderberglə söhbətimizdə problemlər, görülən uşlər, koordinasiya məsələləri və digər mövzualardan danışdıq.


İradə Əliyeva Söderberg hesab edir ki, İsveçdə Azərbaycan diasporunun fəaliyyəti yüksək səviyyədədir: “Neçə müddət yaşamalarından asılı olaraq azərbaycanlılar bu ölkədə müxtəlif səviyyədə interqrasiya olublar. Diaspor təşkilatlarının fəaliyyət səviyyəsi də bu insanların necə inteqrasiya olmasından çox asılıdır. Çox sayda azərbaycanlılar İsveçin dövlət, bələdiyyə təşkilatlarında işləyirlər, öz şirkətləri var. Artıq ikinci nəsil azərbaycanlılar, yəni İsveçə 15, 20, 25 il bundan əvvəl köçmüş soydaşlarımızın övladları bu cəmiyyətdə öz yerlərini tutublar”.

Problemlər nədən ibarətdir?

Onun sözlərinə görə, problemlər həmişə hər yerdə mövcuddur: “Çətinlikləri olan azərbaycanlılarımız da az deyil. Müxtəlif səbəblərdən, ola bilər ki, sağlamlıqla, dil öyrənmək problemi və sair səbəblərdən təhsil ala, işə düzələ bilməyən azərbaycanlılar da var. Bundan başqa, digər millətlər kimi azərbaycanlılar da ən çox İsveçin böyük şəhərlərinə köçürlər ki, bu da bəzi problemlər yaradır”.
Həmsöhbətimiz bildirdi ki, İsveçdə mövcud olan azərbaycanlıların təşkilatları arasında müəyyən dərəcədə əməkdaşlıq var və bu əməkdaşlıq o təşkilatların rəhbərlərinin iş birliyinə nə dərəcədə meylli olmasından çox asılıdır: “Təşkilatların əməkdaşlıq məsələsi tədbirlərin mövzu və miqyasından asılı olaraq dəyişir. Hazırda pandemiya ilə əlaqədar hər hansı bir geniş miqyaslı tədbir keçirilmir...”.

Hansı işlər görülür?

İradə Əliyeva Söderberg “bütün görüşlər, iclaslar onlayn keçirilir. Əlbəttə hər bir təşkilat öz fəaliyyətinə cavabdehdir. Bizə hər hansı bir formada kömək üçün müraciət edənlərə bacardığımız qədər kömək edirik, yol göstəririk, əlaqələndiririk. Təəssüf ki, müxtəlif səbəblərdən həmvətənlərimizi bir araya gətirmək çox çətindir. Hələ də öz şəxsi mənafelərini ümummilli mənafelərdən ustün tutan insanlarımız çoxdur. Qarşılıqlı razılığa gələrək ümumi məqsədlər üçün əməkdaşlıq edən təşkilatlar demək olar ki, yox dərəcəsindədir. Bizimkilər təşkilatlanmağın əsil mahiyyətini çətin qəbul edirlər. Fərdlər öz mənafelərini təşkilatın ümumi mənafeyindən üstün tuturlar. Yuxarıda qeyd etdiyim kimi İsveçdə azərbaycanlılar fərd olaraq daha çox nəticəyə müvəffəq olublar nəinki təşkilatlar formasında...”.

Elm və incəsənət adamlarından yararlana bilirikmi?

Avropada, o cümlədən İsveçdə elm və incəsənət adamları daha çox diqqətlə qarşılanır və sözləri eşidilir. Ona görə də yerli elm və incəsənət adamları ilə əlaqələr qurmaq vacib məsələlərdəndir. Təbii ki, xaricdə azərbaycanlı alimlər, mədəniyyət və incəsənət xadimləri də az deyil. Onların yerli həmkarları ilə əlaqələri mövcuddur və bundan yararlanmaq olar.
Belə soydalarımızıdan biri də İsveçdə yaşayan azərbaycanlı rəssam Reyhan Əliyevadır.

Peşəkar rəssam olan R.Əliyeva 2002-ci ildən İsveçdə yaşayır. İsveçə köçəndən sonra da ilk olaraq fabrikdə rəssam və dizayner kimi çalışmağa başlayır. Hazırda rəssam kimi yaradıcılıqla məşğudur və İsveç Rəssamlar İttifaqının üzvüdür. R.Əliyeva İsveçdə Azərbaycan diasporunun fəaliyyətini normal qiymətləndirir: “Həmvətənlərimizin yaşam səviyyəsi, ev, iş şəraitləri normaldır. Azərbaycanlılar arasında problemi olan şəxslərə və ailələrə yardım edilir. Ayrı-ayrı şəhərlərdə yaşamağımıza baxmayaraq bir-birimizlə əlaqələr var və olacaq. Müxtəlif tədbirlərdə, bayramlarda bir yerə yığışırıq. Eyni zamanda təşkilatlanmaq üçün səy göstəririk. Sadəcə bütün dünyada olduğu kimi pandemiya bir sıra sahələrdə problem yaradıb ki, bu da bizim də fəaliyyətmizə təsirsiz ötüşməyib”.

Assimilyasiya təhlükəsi

Azərbaycan-İsvec Dram Teatrının bədii rəhbəri və rejissoru Sevinc Nəzərli isə dedi ki, bir xalq kimi özümüzü tanıtmaq, inkişaf etdirmək üçün inteqrasiya olmaq məcburiyyətindəyik. Onun dediyinə görə, İsveçdə xalqların mədəniyyətini qorumaq və inkişaf etdirmək üçün bütün imkanlar yaradılır: “Biz də bu fürsətdən istifadə edib 2018- ci ildə azərbaycanlıların Avropada ilk teatrı olan Azərbaycan-İsvec Dram Teatrı “Tumurcuğ”u yaratdıq


Teatrı bu günə qədər özüm maaliyyələşdirmişəm. Məşq etmək üçün isə İsveç dövləti Stokholm şəhərinin mərkəzində bizə bina ayırıb.
Mən 2018-ci ildə “Tumurcuq” teatrını yaradarkən mədəniyyətimizi, milli irsimizi yaşadığımız ölkə vətəndaşlarına tanıtmaqla bərabər həm də gənclərimizi bir araya toplamağı, dilimizi və mədəniyyətimizi yeni nəsilə aşılamağı da nəzərdə tutmuşam.
Burada 50 illik tarixi olan Türk Tetarı var. Bizim teatr Türk Teatrının bədii rəhbəri Burcu Ada Soysopun təşəbbüsü ilə yarandı.
Türk Tetarı ilə iş birliyimiz var. “Kardeş Teatro” adı altında eyni səhnəni paylaşırıq.
Azərbaycan İsveç Dram Teatrı həmçinin İsveçin Xalq Teatrının bir hissəsidir.
İlk dəfə dəfə 2019-cu ildə Azərbaycan Cümhuriyyyətinin 101 illik yubileyi ilə əlaqədar səhnəyə çıxdıq. Salonda 180 tamaşaçı var idi ki, çoxu da Türkiyə türkləri idi. Azərbaycanlılardan cəmi 16 nəfər gəlmişdi.
Mən bir bədii rəhbər kimi çox həyacanlı idim. İstərdim ki, salonun yarısı heç olmasa Azərbaycan tamaşaçısı olsun.
Anladim ki, tamaşaçı toplamaq mənə çətin olacaq. Ona görə də düşündüm ki, İsveç dilində tamaşalar hazırlayaq. Hal hazırda Azərbaycan əsərlərini, nağıllarını İsveç dilinə tərcümə etdirirəm. Biz ingilis və İsveç dilində tamaşalar hazırlayırıq. Bu sadəcə tamaşaçı toplamaq üçün nəzərdə tutulmur, həm də Azərbaycan mədəniyyətini başqa xalqlara tanıtmaq məqsədi güdür. Mədəniyyət ən uğurlu təbliğatdır”
S.Nəzərli “20 il ərizndə artıq burada yerləşmişik”, - deyə əlavə etdi: “Ali təhsil alanlar, dövlət idarələrində işləyən soydaşlarımız da var. Amma hər zamankı kimi assimilyasiya olmaq təhlükəsi bizi tərk etmir”.

Rəsmi mövqe

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Azərbaycanın İsveçdə yaşayan vətəndaşlarının vəziyyətinin yaxşılaşdırılması, onların iqtisadi və ictimai-siyasi statusunun artırılması, cəmiyyətlərdə bas verən proseslərdə fəal iştirakının təmin edilməsi istiqamətində burada fəaliyyət göstərən diaspor təşkilatlarının əhəmiyyətli rolu olub: “2018-ci il noyabrın 5-də İsveç, Finlandiya və Norveçdə yaşayan soydaşlarımız tərəfindən Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib.
2020-ci il fevralın 8-də Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətinin iştirakı ilə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının I hesabat toplantısı keçirilib”.
Həmçinin əlavə edilib ki, İsveçdə mövcud olan fəal diaspor təşkilatlarına İsveç Azərbaycanlıları Konqresi və Azərbaycan Federasiyası İsveç (AFİ) daxildir.
Komitədən verilən məlumatda həmçinin bildirilir ki, dünyanın bir çox yerlərində olduğu kimi İsveçdə də ayrı-ayrı məsələlərə münasibətdə bəzən azərbaycanlıların müxtəlif mövqelərdən çıxış etmələri müşahidə olunur: “Lakin buna baxmayaraq, Koordinasiya Şurasının yaranması ilə burada müxtəlif fikirli insanların bir araya gələrək Azərbaycanın maraqları naminə birləşməsi tendensiyası güclənir. İsveçdə fəaliyyət göstərən onlarla diaspor təşkilatı bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çoxsaylı layihələri uğurla həyata keçirir...”.

Əli Zülfüqaroğlu